​İlhamə Quliyevanın oğlunun dostuna hökm oxunub
19.05.2016 710 0.0 0

 Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq, qaytarmayıb. Hər iki şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra onun barəsində cinayət işi başlanılıb.
V.Bəkirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V.Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov tərəfindən əvvəl axtarış haqqında qərar qəbul edilib. Daha sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Bəkirov mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İ.Quliyevanın keçmiş köməkçisi Hüseynova Mehriban Bəylər qızı barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.
İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar