İlham Əliyev Şamaxı rayonuna səfərdə olub- FOTO
02.10.2017 710 0.0 0

Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

 

Daha sonra, Prezident İlham Əliyev Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Bildirildi ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.

 

 

Sonra Prezident İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Az-Granata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Granata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.

Dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Bildirildi ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.

 

 

Prezident İlham Əliyev Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında  da iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verib.

 

 

 

 

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.

 

 

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olduqdan sonra, yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

 

Parkla tanışlıq zamanı dövlət başçısına və birinci xanıma məlumat verilib ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyasi məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-a üzv olub. Bununla da “Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar