Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini , iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb.
Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Nikolay Patruşev təhlükəsizlik sahəsində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq : “Biz Sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”. deyə qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.