İlham Əliyev Quba rayonuna səfərə gedib
07.12.2017 923 0.0 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəlib.

Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Ölkə başçısına məlumat verilib ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.

Muzey Quba Bayraq Meydanında yerləşir. Meydanın ərazisi də abadlaşdırılıb və yaşıllıq sahələri salınıb. İndi bu ərazi də şəhərin gözəl və maraqlı yerlərindən birinə çevrilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar