İlham Əliyev Qobustan rayonuna səfərə gəlib
Qazeta.info xəbər verir ki, Prezident İlham Əliyev Qobustan rayonuna səfərə gəlib.
Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verib. Burada rayon sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait var.
İlham Əliyev Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsinin açılışında iştirak edib
Daha sonra, Prezident İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.
Nəzərə çatdıraq ki, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb.
Sonra prezident Prezident İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.
Ölkə başçısına məlumat verilib ki, Qobustan şəhər uşaq bağçasının binasında inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var. Bir sözlə, bu cür müəssisələrin yaradılması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.
İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.
Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində icra edilən layihələrin də həcmi artır. Bu baxımdan “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla suyun şəhərə çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.
Daha sonra Prezident İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametrli 23 suötürücü boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb. Bu yolun əsaslı yenidən qurulması yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyatın hərəkətinin təhlükəsizliyində mühüm rol oynayacaq. Bundan başqa, bu layihə eyni zamanda bu yaşayış məntəqələrinin sosial vəziyyəti ilə yanaşı, iqtisadi durumuna da müsbət təsir edəcək. Belə ki, kənd təsərrüfatı işçiləri məhsullarını daha tez və rahat şəkildə alıcılara çatdıra biləcəklər.
Onu da deyək ki, bu yol 2017-ci ildə ölkəmizdə həyata keçiriləcək “40 yol” layihəsindən biridir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılacaq “40 yol” layihəsinin nəticəsində 100 minlərlə sakin müasir səviyyədə inşa edilən yollardan istifadə edərək rahat və təhlükəsiz şəkildə mənzil başına çatacaq.