"Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.
Məlumata görə, bunu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı deyib.
Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamənin anti-Azərbaycan mövqeyini əks etdirdiyini deyən dövlətimizin başçısı bu qətnamələrin heç bir əhəmiyyətinin olmadığını vurğuladı. Dövlətimizin başçısı dedi: “Bununla bərabər, ikitərəfli formatda Avropa ölkələri ilə bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında bütün bu iradları mən əlbəttə ki, deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin heç birini etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə, heç kim heç vaxt onları icra etməyəcək. Bunu bilsinlər. Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər".
Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını deyən Prezident İlham Əliyev bəzi riyakar Qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamofob siyasətçilərin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxıllığın və bəd niyyətin dayandığını diqqətə çatdıraraq dedi: “Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar birləşiblər. Eyni zamanda, Azərbaycanda beşinci kalonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz”.
Dövlətimizin başçısı bildirdi ki, birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan mövzusuna həsr olunan qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Prezident İlham Əliyev dedi: “Sual olunur? Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz onlara lazımdır. Bizim bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır”./anspress/