"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün Fransa xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız, davamlı mədəni və humanitar əlaqələrimiz ölkələrimizin və xalqlarımızın dostluğunu nümayiş etdirən mühüm amillərdir.
İnanıram ki, bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız danışıqlar və imzalanmış Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir.
Fransanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında marağı bizim üçün dəyərlidir. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın işğalına son qoyulması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti "