Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti şeyx Məhəmməd bin-Rəşid əl-Maktum Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Bakıda iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb.
ANS TV-nin məlumatına görə, Azərbaycana rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid əl-Maktumun qarşılanma mərasimi olub. Prezident İlham Əliyev qonağı qarşılayıb, hər iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra görüşlər başlayıb.
Geniş tərkibli görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olunub.
“Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə göstərdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda Sizin ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır. Sözsüz ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir”, – deyə İlham Əliyev bildirib.
Prezident vurğulayıb ki, BƏƏ-nin Ticarət Palatasının xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb. Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. Şeyx Məhəmməd bin-Rəşid əl-Maktum söyləyib ki, bir-birimizdən öyrənəcək çox şeylər var, bu səfər əlaqələrin daha da genişləndirmək və yaxşılaşdırmaq baxımından gözəl imkandı.
Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında fövqəlada halların idarə olunması, qiymətli kağızlar və əmtəə sahəsində sənədlər imzalanıb./anspress/