İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun açılışında iştirak edib
29.04.2016 722 0.0 0

Qazeta.info prezidentin rəsmi saytına  istinadən bildirir ki, son illərdə ölkədə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafını göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsidir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizin regionlarını birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub. Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir. Buna görə yolboyu geniş bərkitmə və torpaq işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun yenidən qurulması layihəsində nəzərdə tutulan 7 eyni səviyyəli dairəvi yol kəsişməsinin, 54 yol birləşməsinin və 263 suötürücü borunun tikintisi işləri aparılıb, həmçinin 6 körpü sökülərək yenidən inşa edilib. Bundan başqa, layihə üzrə avtomobil yolunda yol qurğuları və avadanlıqlarının, elektrik dirəklərinin quraşdırma işləri həyata keçirilib, 39 avtobus dayanacağının tikintisi aparılıb, yol hərəkəti nişanları qoyulub, piyada səkiləri tikilib, drenaj işləri görülüb.

Onu da qeyd edək ki, bu yolun əsaslı şəkildə yenidən qurulmasına Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martında başlanılmışdı.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar