Bu ilin ilk iki ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1,3%, qeyri-neft sektorunda isə 2,3% artıb.
Məlumata görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə keçirilən ümumxalq şənliyindəki çıxışında deyib.
“Sənaye istehsalı 1,4%, qeyri-neft sektorunda isə 8,4% artıb. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4%, əhalinin gəlirləri isə 10,2% artıb. İnflyasiya 4,7%-dir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir”, - dövlət başçısı qeyd edib.
Bundan başqa, dövlət başçısının sözlərinə görə, yanvar-fevral aylarında Azərbaycanın valyuta ehtiyatları 2,1 mlrd. dollar artaraq 44 mlrd. dollara çatıb: “Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir sözlə, son müddət ərzində iqtisadi siyasətlə bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini verib. Biz bu islahatları dərinləşdirəcəyik, bundan sonra da aparacağıq və Azərbaycan iqtisadiyyatının dayanıqlığını bundan sonra da təmin edəcəyik”.
İ.Əliyev həmçinin deyib ki, köklü iqtisadi islahatlar bəzən sosial sahəyə mənfi təsir göstərir. Buna görə hətta əvvəlki illərdə - bir-iki il bundan əvvəl iqtisadi böhran dövründə bir dənə də olsun sosial proqram ixtisara düşməyib: “Bütün sosial öhdəliklər vaxtında yerinə yetirilmişdir. İmkanlarımız artdıqca biz dərhal sosial məsələlərə daha da böyük diqqət göstərməyə başladıq. Daha doğrusu, daha böyük maliyyə vəsaiti ayırmağa başlamışıq. Bu il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı 10% artıb. Əgər biz dünya xəritəsinə baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artır. Biz imkan daxilində bunu edirik və bundan sonra da edəcəyik. Bir daha demək istəyirəm ki, iqtisadi göstəricilərimiz müsbətə doğru getməyə başlayandan dərhal sonra biz, ilk növbədə, sosial məsələlərin həllinə o maliyyəni ayırdıq. Maaşların, müavinətlərin, pensiyaların artırılmasına bu il büdcədən yüz milyonlarla manat vəsait ayrılır. Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar, onların rifah halı yaxşılaşsın, Azərbaycanda iqtisadi və sosial islahatlar bir-birini tamamlayaraq ölkəmizin inkişafına xidmət etsin”.
Onun sözlərinə görə, regionlarda böyük abadlıq-quruculuq işləri görülür. Bu il icra edilən Dövlət İnvestisiya Proqramı imkan verəcək ki, bölgələrdə bir çox məsələlər öz həllini tapsın: “Sosial infrastruktur, məktəblər, xəstəxanalar, idman kompleksləri, yollar, digər infrastruktur layihələri. Keçən il 500 kəndin yolu salınıb, bu il ən azı 600-dən çox kəndin yolu salınacaq. Rayonlarımızın siması gözəlləşir, abadlaşır.
Artıq bu, həqiqətdir, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir. Bu gün Bakı doğrudan da, gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilibdir. Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24%, 2017-ci ildə 20%, bu ilin iki ayında isə 12% artıb”. /Report/