"Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır."
Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
"Biz regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik və regional təhlükəsizliyə ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir", - İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: "Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılır və bu vəziyyət, təəssüf ki, dəyişmir. Ermənistan status-kvonun saxlanılmasını istəyir, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən gələn bəyanatlarda status-kvonun qəbuledilməzlyi və onu dəyişdirilməsinin zəruriliyi bildirilir."
Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "20 ildən artıqdır Ermənistan bu qətnamələrə tabe olmur. Münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyü prinsipinin qorunmasına əsaslanmalıdır."/Report/