İLHAM ƏLİYEVİN TWİTLƏRİ YAYILDI
08.08.2014 1886 0.0 0
 

İNDEPENDENT QƏZETİ YAZIR

«Azərbaycan prezidenti Twitterdə Ermənistanla müharibə vəziyyəti elan edir».

Bu, «Independent» qəzetinin sərlövhəsidir.

Ümumiyyətlə, Britaniya qəzetləri İlham Əliyevin Twitterdə yazdıqlarına geniş yer verirlər.

«Independent» qəzeti İlham Əliyevin Twitterdə yazdıqlarını sözbəsöz verir:  «Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq eyni vaxtda biz torpaqlarımızı geri istəyirik».

«Independent» qəzeti İlham Əliyevin  Twitterdə yazdığı mesajları «çox hərbi» adlandırır.

Azərbaycan prezidenti bir mesajında Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olduğunu bildirir.

Qəzet yazır ki, Twitterdə ingilis dilində yazan İlham Əliyev Dağlıq Qarabağı geri almaq üçün hərbi əməliyyata əl atacağı ilə xəbərdarlıq edir.

İLHAM ƏLİYEV: «MÜHARİBƏ BİTMƏYİB»

 

«Independent» qəzetinin 8 avqustda çıxan nömrəsində deyilir: «İlham Əliyev bu gün 60 mesaj yazıb. O deyir: «biz sülh içində yaşamırıq, biz müharibə vəziyyətində yaşayırıq».

İlham Əliyev yazır: «Müharibə bitməyib. Yalnız birinci mərhələsi bitib. İkinci mərhələsi başlana bilər. Heç kim bunu istisna edə bilməz».

İlham Əliyev yazır: «Azərbaycan əsgərləri arasında vətənpərvərlik hissi çox yüksəkdir. Düşmən panikada və isteriyadadır».

Qəzet yazır ki, İlham Əliyev erməniləri «barbar və vandal» adlandırır.

İlham Əliyev yazır:

«Biz özümüzün ərazi bütövlüyümüzü ya sülh ya da hərbi yolla bərpa edəcəyik. Biz hər ikisinə hazırıq».

İlham Əliyev yazır: «Biz erməniləri siyasi və iqtisadi cəbhələrdə udmuşuq, biz onları döyüş meydanında da uda bilərik».

Qəzet xüsusi qeyd edir ki, Ermənistan Rusiyanın müttəfiqidir. Azərbaycan isə Türkiyənin.

Qəzet bütün bunlar barədə Atlantic Council adlı beyin mərkəzində baş araşdırmaçı Sabine Freizerin Türkiyənin «Today Zaman» qəzetinə dediklərini sitat gətirir.

Freizer deyir ki, Ermənistanla Azərbaycan arasında gərginlik hələ heç vaxt belə yüksək olmamışdı,  Minsk qrupunun apardığı danışıqlar yolu ilə həllin şansları azalır.

Bütün bunları «Independent» qəzeti yazır.

GUARDİAN İLHAM ƏLİYEVİN TWİTTİ BARƏDƏ YAZIR: 

«The Guardian» qəzeti xəbər verir ki, Azərbaycan prezidentinin twitter səhifəsində yerləşdirilən postda Ermənistan müharibə ilə hədələnir.

Qəzet yazır ki, Azərbaycan prezidenti Dağlıq Qarabağa görə Ermənistan və Azərbaycan arasında baş vermiş son qanlı toqquşmaların ardınca bu postda ermənilərin ünvanına hədə-qorxu yağdırılır.

Məqalədə deyilir ki, İlham Əliyevin səhifəsindəki uzun-uzadı mesajlarda vəd edilir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.

İLHAM ƏLİYEVİN TWİTTİ

 

İlham Əliyevin twitter səhifəsində yerləşdirilən postda yazılıb:

«Ermənistanın işğalçı qüvvələrinin hücumları nəticəsində ordumuz itkilər verib. Bir neçə hərbçimiz şəhid olub».

Ermənistan barədə «düşmən» və «işğalçı» sözlərindən istifadə edilən postda Əliyev beynəlxalq vasitəçiləri qarşıdurmaya son qoymaq istiqamətində hərəkət etmədiklərinə görə tənqid edib.

«Biz öz suverenliyimizi bərpa edəcəyik. Şuşa və Xankəndi də daxil olmaqla, Azərbaycan bayrağı bütün işğal olunmuş ərazilər üzərində dalğalanacaq. Biz erməniləri siyasi və iqtisadi sahədə məğlub etdiyimiz kimi, döyüş meydanında da məğlub edə bilərik», yazılıb. -//Azadlıq radiosu

 


Teqlər:İLHAM ƏLİYEVİN TWİTİ YAYILDI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar