Ölkənin bir sıra aparıcı mətbuat vasitələrində rəhbər vəzifələri daşıyan və hazırda FactNews.az saytının rəhbəri olan Yalçın Hacıbəyli rəhbəri olduğu sayta köşə yazısı ilə çıxıb.Sözü gedən mövzunun Bələdiyyə sekiləri öncəsi oxuyculara maraqlı olacaqını nəzərə alıb aşağıda olduğu kimi təqdim edirik.
Keçən il bir neçə dəfə işdən tez çıxıb Qaracuxur bələdiyyəsinə getdim ki, torpağın çertyojunu alım. Amma bələdiyyənin memarını hər dəfə işdə tapa bilmədim. Nəhayət mobil nömrəsini tapıb zəng vurdum, gəldi. Soruşanda ki, ay müəllim, niyə iş yerində olmursuz dördüncü dəfədir gəlirəm, sizi tapmıram. Qayıdasan ki, biz ictimai təşkilatıq, istədiyimiz vaxtı gələrik, istədiyimiz vaxtı gedərik. Bizdə iş qrafiki yoxdur.
Mən dedim, o dedi, axırda bələdiyyə sədrinə yaxınlaşdım ki, sizin memar deyir, biz ictimai təşkilatıq, kefimiz istəyəndə işləyirik. Sədr qayıdıb nə desə yaxşıdır?! “Elədir də”.
Daha sonra mən bu bəni-adəmlərə çətinliklə də olsa anlatdım ki, çalışdıqları qurum ictimai təşkilat deyil, Konstitusiya ilə dövlət tərəfindən xüsusi idarəçilik səlahiyyətləri verilmiş yerli özünü idarəetmə qurumdur.
Dedim, biz gəlib sizə işə çağırmalı deyilik. Qaynar xəttiniz olmalı, 7/24 vətəndaşlara xidmət göstərməlisiniz. Ərazidə yaşayanlar problemlərini bildirib, onların həllini tələb etməlidir.
Sonda bələdiyyə sədri 250 manat maaşla onlarla işləməyimi təklif etdi. Mən isə təbii olaraq rədd etdim. Çünki 250 manat iki gündə qazandığım məbləğdir. Maaşlarının belə az olması əlbəttə onları başqa qazanc yolları axtarmağa sövq edir. Yazıq 250 manata səhərdən axşama necə otursun burda? Bu kimi özümüqınaqlarla qapıdan çıxırdım ki, 250 manat maaşa çalışan memar əfəndi 100 minlik maşınına minib, yanımdan ötüb, getdi...
Dəyərli oxucular, bunu sizə ona görə nəql etdim ki, gələn ayın 23-ü bələdiyyə seçkiləridir. Gəlin, bizi idarəetməyə layiqli namizədlər seçək. Bələdiyyə idarəçiliyini torpaq alqı-satqı ofisinə çevirənləri, bələdiyyənin idarəçiliyinin nəyə görə formalaşdırıldığını bilməyənləri yaxına buraxmayaq. Gəlin özümüzü idarə etməyə bələdiyyədən başlayaq, yoxsa dövləti idarəetməyə hələ çox uzaqdan baxası olacağıq.
Hal-hazırki statistikaya görə bələdiyyə üzvlüyünə namizədlərin əksəriyyətini hazırda bələdiyyə üzvü olanlar, ali təhsili olmayan işsizlər təşkil edir.
FactNews.az saytının Baş Redaktoru: Yalçın Hacıbəyli