Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 17-də axşam paytaxt Ankarada baş vermiş terror aktını hansı qüvvənin törətdiyini açıqlayıb.
Məlumata görə, bu gün Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edən Ə. Davudoğlu terroru Suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxsin törətdiyini bildirib. Baş nazir deyib ki, S. Necara Türkiyə daxilindəki PKK-çılar kömək edib. Ə. Davudoğlu bütün terrorçuların yaxalanaraq cəzalandırılacağını söyləyib. O, artıq bu işlə əlaqədar 9 nəfərin yaxalandığını açıqlayıb.
Ə. Davudoğlu PYD və onun silahlı qolu YPG-nin terror təşkilatı olması ilə bağlı sübutları başqa dövlətlərə təqdim edəcəklərini və onlardan konkret mövqe tələb edəcəklərini vurğulayıb. /apa/