Hindistanlı fəal İrom Şarmila yerli seçkilərdə iştirak etmək üçün 16 illik aclıq aksiyasına son qoyub.
BBC-yə istinadən xəbər verilir ki, o, qalmaqallı təhülkəsizlik qanununa qarşı etiraz edirdi.
Fəalın həyata keçirdiyi aksiya dünyada ən uzun aclıq aksiyası hesab edilir. Onun bu aksiyası həbsinə və burnundan boru ilə məcburi qidalanmasına gətirib çıxarıb. O, intihara cəhdi cinayət sayan qanuna əsasən saxlanılıb.
Manipur ştatının məhkəməsi çərşənbə axşamı onun zaminə buraxılmasını təmin edib.
Xanım Şarmilanın girov proseduru başa çatdıqdan sonra yerli xəstəxanadakı məhkəmə nəzarətindən azad ediləcəyi gözlənilir.
O, xəstəxanada jurnalistlər önündə aclığını pozmasını rəmzi şəkildə nümayiş etdirmək üçün bal dadıb.
İrom Şarmila məhkəmədə deyib ki, o, “vicdan məhbusudur” və yerli seçkilərdə iştirak etmək üçün aclığa son qoymağa qərar verib.
“Mən strategiyamı dəyişməliyəm. Bəzi insanlar məni siyasətə qatılmaq istədiyimə görə qəribə qadın hesab edirlər. Onlar deyir ki, siyasət çirklidir, lakin cəmiyyət də bu cürdür. Mən seçkilərdə hakimiyyətə qarşı mübarizə aparmaq istəyirəm,” o əlavə edib.
Xanım Şarmila əsgərlərin order olmadan insanları həbs etməsinə və hətta bəzi hallarda onlara atəş açmasına imkan verən Silahlı Qüvvələrin Xüsusi Səlahiyyətləri Aktına (AFSPA) etiraz edirdi.
Aclıq aksiyası şəkillərdə
Fotoqraf İan Thomas Jansen-Lonnquist son beş ildə İrom Şarmilanı yaxından izləyib.
O, aclıq aksiyasına 16 il bundan əvvəl, Manipurda 10 dinc sakinin əsgərlər tərəfindən qətlə yetirilməsindən sonra başlayıb.
O, 16 ilin əksəriyyətini Manipurun paytaxtı İmfaldakı xəstəxanada, məhkəmə nəzarətində keçirib. Burada ona uşaq yeməkləri və dərmanlar məcburu verilirdi.
Xanım Şarmila 2014-cü ilin avqust ayında məhkəmənin onun “intihara cəhd” etməsilə bağlı ittihamı rədd etməsindən sonra sərbəst buraxılıb. Lakin iki gün sonra o, etiraza son qoymaqdan imtina etdiyi üçün yenidən həbs edilib.
O, hər iki həftədən bir etirazını təsdiqləmək üçün məhkəmə qarşısına çıxıb.
Onun etirazı dünyada tanınmasına səbəb olub. Amnesty İnternational onun vicdan məhbusu olduğunu bildirib.
Fəal son illər ərzində həm yerli, həm də xarici medianın diqqət mərkəzində olub.
Xanım Şarmilaya ştatda qadın və vətəndaş haqları qruplarının dəstəyi var.
Hindistan əsgərləri tərəfindən öldürülmüş 10 dinc sakinin xatirəsinə Manipur ştatında abidə ucaldılıb. Ştatda 2.5 milyon insan yaşayır və üsyançı qruplarla mübarizə aparmaq üçün ora ordu, hərbi birləşmələr və polis qüvvələri göndərilib./publika.az/