VII yazı
Heydər Əliyevlə xudahafizləşəndən sonra Naxçıvanda insanlarla söhbət etmək qərarına gəldim. Bu məqsədlə küçələrdə, bazar və dükanlarda gördüyüm insanlara aşağıdakı suallarla müraciət etdim:
Sual: Siz bu soyuqda necə yaşayırsınız?
Cavablar:
-Heydər Əliyev necə yaşaya bilirsə, biz də elə yaşayırıq.
-Heydər Əliyevdən artıq deyilik.
-Heydər Əliyev soyuğa dözürsə, biz də dözməliyik.
-Əvvəllər elektrik enerjisi heç yoxuydu, indi var.
-Heydər Əliyevin sayəsində indi elektrik enerjisi fasilələrlə də olsa verilir.
-Enerji verilən zaman xörəyimizi bişirib, evi də qızdırırıq.
Sual: Mənə dedilər ki, Heydər Əliyev elektrik enerjisindən evlərin qızdırılması üçün
istifadəni qadağan edib.
Cavablar:
-Heydər Əliyev Allah və camaat adamıdı, o bizə belə qadağa qoymayıb.
-Heydər Əliyev bunu məmurlara qadağan edib.
-Heydər Əliyev bizim Türkiyəyə və İrana sərbəst getməyimizi və gəlməyimizi,
orada işləməyimizi asanlaşdırıb.
-Biz evimizin, ailəmizin bütün ehtiyaclarını Heydər Əliyevin bizə verdiyi sərbəstlik
hesabına ödəyirik.
Sual: Deyəsən erməni hücumları səngiyib. Sizcə bu nə ilə bağlıdır?
Cavablar:
-Heydər Əliyev Naxçıvandakı bütün qüvvələri birləşdirib.
-Naxçıvanın müdafiəsinə Heydər Əliyev şəxsən rəhbərlik edir.
-Heydər Əliyevin Türkiyə prezidenti ilə yaxşı münasibətləri erməniləri qorxudur.
-Ermənilər qorxurlar ki, Türkiyə Ermənistana hücum edər.
-Biz ermənilərdən qorxmuruq. Heydər Əliyev Naxçıvanı qoruyur.
-Biz Heydər Əliyevin arxasında durmuşuq.
-Heydər Əliyev böyük generaldı.
-Heydər Əliyev böyük qəhrəmandı!
Suallarıma maraqlı cavab verən insanlara təşəkkürümü bildirib qonaq evinə gedirəm. Bütün yol boyu və soyuq gecəni yataqda fikirləşirəm ki, insanların Heydər Əliyevə dərin məhəbbətinin sirri nədədir. Bunu insanlarmı belə düşünür, yoxsa bu düşüncəni və insanların məhəbbətini Heydər Əliyevmi yaradıb. Fikirlərim keçmişlə bu gün arasında dolaşırdı. Mən düşünürdüm. Heydər Əliyev dahi idi, bütün zamanların dahisi. Xalqımız, o cümlədən naxçıvanlılar, bir sözlə hamı Heydər Əliyevin dahi bir şəxsiyyət, dahi dövlət adamı olduğunu qeyd-şərtsiz qəbul etmişdi. Onlarda belə təsəvvür vardı ki, dahi şəxsiyyət və dahi dövlət adamı Naxçıvana başçılıq edirsə, onlara zaval yoxdu. Yəni bütün ermənistan və erməni dövləti Heydər Əliyev dühasının yanında xırda görünürdü. O zaman Heydər Əliyev şəxsiyyəti naxçıvanlılar üçün bir Günəş idi. İnsanlar Heydər Əliyevin işığında olmaq, Heydər Əliyevlə birgə olmaq, Heydər Əliyevin arxasınca getmək, Heydər Əliyevin əmrlərini yerinə yetirmək istəyirdilər! Naxçıvanlılar bununla fəxr edirdilər. Naxçıvanlılar üçün Heydər Əliyev şəxsiyyətinə hörmət, Heydər Əliyev şəxsiyyətinə məhəbbət Naxçıvana hörmət, Naxçıvana məhəbbət demək idi. Heydər Əliyevlə Naxçıvan eyni məfhum idi. Əsl həqiqət də belə idi. Heydər Əliyev öz dühasının işığıyla, özünün möhtəşəm energetik potensialı ilə insanlarda özünə və vətənə hörmət və inam yaratmışdı. İnsanların Heydər Əliyev şəxsiyyətinə, Heydər Əliyev dühasına, Heydər Əliyevin möhtəşəm enerjisinə və işığına hörmət və inamları bu günə və gələcəyə inam yaratmışdı. İnsanlar bu inamla yaşayır, bu inamla işləyir, bu inamla yaradır, Bu inamla özünü xoşbəxt hiss edir, bu inamla vətənə bağlanır, bu inamla vətəni müdafiə edirdilər. Heydər Əliyevi Azərbaycanda hakimiyyətə gətirən başlıca səbəb insanların ona olan son ümidi və inamı oldu...
Ardı var...
Prof.Dr. Qüdrət İsaqov