ANS-in Qızıl Fondu sizə 1993-cü ildə Gəncə hadisələrinə həsr edilmiş Ali Sovetin iclasını təqdim edir. Təcili olaraq Bakıya dəvət olunan Heydər Əliyev baş verən hadisələrdən danışır. Gəncə ilə yanaşı ölkənin digər bölgələrində də gərgin vəziyyətin hökm sürdüyünü söyləyən Heydər Əliyev əhalinin və şəxsən ölkə prezidenti Əbülfəz Elçibəyin xahişi ilə Bakıya gəldiyini bildirib.
“Bu mürəkkəb vəziyyətdən çıxış yollarının axtarılması, milli barışın, həmrəyliyin təmin olunması prosesinə qatıldım. Əvvəllər də demişəm, yenə deyirəm: Qan tökülüb, cinayət baş verib. Lakin bunun daha da dərinləşməsinə və hərc-mərcliyə yol vermək olmaz. Azərbaycanın bütün vətənpərvər insanları hamısı birləşib bu ağır vəziyyətdən uğurla çıxmağa çalışmalıdır”, - deyə Heydər Əliyev vurğulayıb.
4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb və ölkə vətəndaş müharibəsi astanasına gəlib.
8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib./anspress/