Helikopterdə heç bir nasazlıq, şübhəli məqam yox idi.
Məlumata görə, bu barədə Real TV-yə müsahibələri zamanı helikopterdə olan və qəzadan sağ çıxan hərbçilər polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov deyiblər.
E.Cəfərov qeyd edib ki, 30 noyabr 2021-ci ildə praktiki atışlı təlim uçuşları olmalı idi: "Səngəçal aerodromundan qalxıb Qaraheybət istiqamətinə getməli idik. İstiqamət üzrə getdik, meydançaya eniş manevri etdikdən sonra qəza baş verdi. Sərnişin kabinəsində olduğum üçün tam təfərrüatları ilə xatırlamıram. Heç bir nasazlıq, şübhəli məqam yox idi. Helikopterdə desant daşıma sayı 24 nəfərdir, bu baxımdan heç bir məhdudiyyət aşılmamışdı”, - deyə o bildirib.
Səhhəti ilə bağlı danışan polkovnik-leytenant ayağında əzilmə, sol qolunun yuxarı hissəsində isə sınıq olduğunu qeyd edib.
Kapitan R.Ədilov da helikopterdə eniş zamanı idarəetmənin itirildiyini və bir anda qəzanın baş verdiyini bildirib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb./Trend/