08:10 / Havanın işıqlanması ilə ermənilərin vurduğu ziyan üzə çıxır
Bu gecə Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinlərin fərdi yaşayış evlərini artilleriya atəşinə tutması nəticəsində çox sayda evə ciddi ziyan dəyib.
ANS PRESS-in verdiyi məlumata görə, artilleriya mərmilərindən biri Tərtərin Qapanlı kənd sakini Elbrus Tanrıverdiyevin evinə düşüb. Nəticədə ev tamamilə dağılıb, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Erməni silahlı bölmələri Tərtərin Qarağacı kəndini də atəşə tutub. Burada Rəsi Qasımovun evi mərmi düşməsi nəticəsində dağılıb.
ANS PRESS-in bölgə müxbiri Ramil İbrahimov onu da bildirdi ki, atəşkəsin pozulması zamanı yaralanan Ağdamın Əfətli kənd sakini, 38 yaşlı Elnur Məmmədovun vəziyyəti ağırdır.
ANT TV-nin Qarabağ müxbiri cəbhədən son xəbərləri verir
06:38 / Təmas xəttindən ölüm xəbəri
ANS TV-nin Qarabağ müxbiri Ramil İbrahimov indicə məlumat verdi ki, yaralı vəziyyətdə olan Ağdam rayonunun Çəmənli kənd sakini Famil Mustafayev dünyasını dəyişib.
F.Mustafayev bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanmışdı.
Son məlumatlara görə, Çəmənli kənd sakinlərindən daha biri Zahid Rəhimov atəşkəsin pozulması nəticəsində yaralanıb. O Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Azərbaycan Ordusunun cavab zərbələri qarşı tərəfi susmağa məcbur edib. Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.
05:08 / Ağdamdan daha bir yaralı xəbəri
Ağdam rayonunda yaralı dinc sakinlərin sayı artıb. ANS PRESS-in Qarabağ müxbirinin verdiyi məlumata görə, rayonun Çəmənli kənd sakini Famil Mustafayev erməni silahlı bölmələrinin atəşi nəticəsində yaralanıb.
Bununla da Ermənistan silahlı qüvvələrinin bu gecə atəşkəsi pozması nəticəsində yaralı dinc sakinlərin sayı 4 nəfərə çatıb.
Ermənilər daha çox dinc sakinlərin yaşadığı əraziləri artilleriya atəşinə tutur. Azərbaycan Silahlı Qüvvələrin qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirir.
3:57 / Ağdamın 12 kəndinə ziyan dəyib
Ağdam rayon Fövqəladə Hallar Komissiyasından ANS-in Qarabağ bürosuna verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun 12 kəndinin elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Bu səbəbdən də həmin kəndlərin elektrik enerjisi ilə təchizatında fasələlər yaranıb.
Həmçinin, atəşkəsin pozulması nəticəsində Ağdamın Sarıcalı, Əfətli, Çəmənli, Hacıməmmədli və Qaradağlı kəndlərinə ciddi ziyan dəyib.
3:25 / Cəbhədə yaralıların sayı artdı
Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində mülki şəxslər arasında yaralananların sayı artıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamda qarşı tərəfin açdığı atəş nəticəsində daha iki dinc sakin yaralanıb.
Ağdamın Çəmənli kənd sakini, 1984-cü il təvəllüdlü Anar Abdullayev kürək nahiyəsindən, Qaradağlı kənd sakini 1985-ci il təvəllüdlü Elgiz Qarayev baş nahiyəsindən yaralanıb.
Hər iki yaralı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.
2:52 / Dinc sakinlərdən bir nəfər yaralanıb
Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri cəbhənin Ağdam istiqamətində də fəallaşıb. Ermənilər fərdi yaşayış evlərini artilleriya atəşinə tutur.
ANS PRESS-in Qarabağ müxbirinin verdiyi məlumata görə, mərmilərdən birinin yaşayış evlərindən birinə düşməsi nəticəsində 1 nəfər yaralanıb. Ağdamın Əfətli kənd sakini, 38 yaşlı Elnur Məmmədov yaralanıb.
Yaralı Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
2:18 / Cəbhədən son xəbərlər gəldi
Cəbhədə Ermənistan silahlı qüvvələrinin artilleriya hücumu davam edir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artilleriya mərmilərindən biri Tərtər şəhərinin Hüsü Hacıyev küçəsinə düşüb.
Bundan başqa, mərmilərdən biri Əskipara kəndində fərdi yaşayış evlərindən birinə düşərək evə ciddə ziyan vurub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Ermənistan silahlı qüvvələri Ağdamda da fəallaşıb. Sarıcallı kənd icra nümayəndəsi ANS PRESS-in bölgə müxbirinə xəbər verib ki, ermənilərin atdığı artilleriya mərmisi yaşayış evlərindən birinə düşüb.
Tərtər rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, bu saata hələlik yaralılar barədə müraciət edilməyib.
Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin atəş mövqelərinə sarsıdıcı cavab zərbələri endirir.
0:25 / "Ermənistan yaşayış məntəqələrini atəşə tutur"
Müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlı ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda Ermənistan tərəfi Tərtər şəhərini ağır silahlardan atəşə tutur.
“Axşam saatlarından etibarən Ermənistan silahlı birləşmələri yenidən cəbhə yanı kəndləri atəşə tutmağa başlayıb. Atəş "Qrad" və D-30 minaatan qaubitsalardan açılır. Azərbaycan ordusu qarşı tərəfin döyüş mövqelərinə cavab zərbələri vurur”, - deyə Vaqif Dərgahlı bildirib.
23:48 / Ermənistan tərəfi atəşkəsi pozub
Axşam saatlarında cəbhədə vəzıyyət yenidən gərgınləşib. ANS PRESS-in məlumatına görə, saat 22:00-dan başlayaraq Ermənistan silahlı birləşmələri cəbhə yanı kəndləri atəşə tutur.
Hazırda Ermənistan tərəfi yaşayış məntəqələrini artilleriya silahlarından atəşə tutur. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir.
Artıq 3 gündür ki, Ermənistan silahlı güvvələri axşam saatlarından başlayaraq yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur.