Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi haqda əhaliyə xəbərdarlıq edib.
Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən 25-dək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dekabrın 23-24-də sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin 15-18 m/s, dekabrın 23-də arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.