Hansı qidalar qanda xolesterinin səviyyəsini aşağı salır?
30.01.2016 907 0.0 0

Xolesterin insan orqanizmi üçün həyati vacib olan maddədir. Xolesterin bütün hüceyrələrin qışalarına (membran), sinir toxumasına daxildir, xolesterin bir çox hormonların sintezi üçün lazımdır.
Bu səbəbdən xolesterini "ziyanlı" maddə saymaq düzgün deyil.
Lakin qanda xolesterinin səviyyəsi normadan artıq olduqda, bu çox təhlükəli sayılır. Məsələ burasındadır ki, artıq xolesterin damarlarda yığılır, damarları daraldır, onların elastikliyini azaldır, damarlarda iltihabın inkişafına səbəb olur. Bu isə çox təhlükəli vəziyyətdir. Damar tam bağlana bilər və bu damarda qanın axması dayana bilər, zədələnmiş damar yırtıla bilər. Bunlar isə insult və infarkt kimi ağır fəsadların, hətta ölümün səbəbi ola bilər.
Beləliklə qanda xolesterinin yüksək səviyyədə olması ürək-damar sistemi xəstəliklərinin əsas risk faktorlarından biridir.
İnsan orqanizmi öz daxili balansına daim nəzarət edir və onu normada saxlayır - lazım olan maddələr saxlanılır, artıq maddələr isə (o cümlədən, artıq xolesterin) orqanizmdən xaric olunur. Bu vəziyyətdə insan orqanizminə sadəcə bir qədər kömək etməlidir. Bu nə deməkdir? Təbii ki, əgər insan daim və çoxlu miqdarda yağlarla, xüsusilə trans-yağlarla (marqarinlər, spredlər və s.) zəngin olan qidaları, fast-fud qidaları və s. qəbul edərsə, onun orqanizmi artıq xolesterini xaric etməyə çatdırmayacaq və nəticədə xolesterin orqanizmdə yığılmağa başlayacaq. Əksinə insan düzgün qidalanarsa, artıq xolesterin onun orqanizmində yığılmayacaq.
Bəzi məhsullar qanda xolesterinin səviyyəsinin aşağı düşməsinə kömək edir. Bu qidalar daim sizin qidalanmanızda olmalıdır.
Bu məhsullar arasında:
- Tərəvəzlər (xüsusilə soğan, sarımsaq, kələm, noxud, lobya, balqabaq, pomidor, badımcan, yunan qabağı, turp, çuğundur, kök).
- İstənilən göyərtilər (şüyüd, keşniş, kahı, kərəviz, cəfəri və s.)
- Meyvə və giləmeyvələr (albalı, qarağat, moruq, motmotu, meşə çiyələyi, qaragilə, böyürtkən, gavalı, alma, heyva, armud, avokado və s.)
- Yarmalar (qarabaşaq, yulaf, arpa, darı və s.), buğda kəpəyi, kəpəkli çörək
- Balıq və dəniz məhsulları (kalmar, krevet, dəniz yosunları və s.)
- Bəzi müalicəvi bitkilər (zəncirotu, yonca, bağayarpağı, kasnı və s.)
- Bitki yağları (zeytun, küncüt, qarğıdalı, raps, qoz yağı)
- Qoz, fındıq, püstə, keşyu, küncüt toxumu, balqabaq və günəbaxan tumları./saglamolun.az/
Orqanizmdə artıq xolesterinin yığılmaması üçün sadaladığımız qidaları qidalanmanıza tez-tez daxil edin, çox yağlı qidalardan, marqarindən, fast-fud qidalardan imtina edin, daha çox təmiz su, meyvə və tərəvəzdən hazırlanan smuziləri için.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar