Yay fəslində ən çox üz tutulan çimərliklərdə də yoxlamalara start verilib. Artıq dəniz suyundan nümunələrin götürülməsi işləri tamamlanıb. Tezliklə nəticələr ictimaiyyətə açıqlanacaq.
ANS TV-nin məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümü ilə əlaqədar dəniz suyundan nümunələrin götürülməsini başa çatdırıb.
Mərkəz Fövqaladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə dəniz sahillərnidə yerləşən müxtəlif çimərliklərdə monitorinqlər keçirib. Hazırda götürülən su nümunələrinin fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir.
“Ötən il Qaradağ və Şıx çimərliyində vətəndaşların çimməsi məqsədə uyğun sayılmamışdı. Çünki sözügedən ərazidən götürülmüş su nümunələri nəticəsində məlum olmuşdu ki, bağırsaq çöpləri normadan artıqdır. Bu ildə belə olsa, bunu elan edəcəyik”, – deyə GEM-nin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Avropa Oyunları çimərlik mövsümünə təsadüf etdiyindən yoxlamalara diqqət daha da artırılıb. Çimərliklərdə sanitar gigiyenik vəziyyət yoxlanılıb. Sahibkarlara müvafiq tapşırıqlar verilib.
Avropa Oynları ərəfəsində FHN tərəfindən də çimərliklərdə mütəmadi tədbirlər həyata keçirilir. 8 min məlumatlandırıcı plakat və braşurlar hazırlanıb. Bunlar xarici qonaqların və turistlərin olacağı obyektlərlə bərabər yerli insanlara da paylanacaq.
FHN-nin rəsmisi Cavanşir Həşimov qeyd edib ki, hazırlanmış maarifləndirici lövhələr sahil boyu quraşdırılıb.
I Avropa Oyunları ilə bağlı maarifləndirici lövhələr beynəlxalq işarələrlə Azərbaycan və İngilis dilində yazılmış mətnlərlə hazırlanıb. Çimərlik mövsümünün başlamasına qədər həmin lövhələr təyinatı üzrə su hövzələrinin kənarında quraşdırılacaq.
Qeyd edək ki, ölkədə çimərlik mövsümü iyun ayının 15-də başlayır./anspress/