Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər dəvət olunmayıb.
Bildirək ki, iclasda “Pensiya islahatları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə anonsu elə komitənin sədri Hadı Rəcəbli bundan əvvəlki iclasda vermişdi. O qeyd etmişdi ki, yeni qanun layihəsinin müzakirəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək. Maraqlıdır ki, yeni layihədə nələrin əks olunduğu barədə hələ ki, ictimaiyyətdə heç bir məlumat yoxdur. Elə komitə sədri də layihə barədə iclas keçirilən günə kimi ictimaiyyətə məlumat verilməməsini komitə üzvlərinə tövsiyə etmişdi.
Qeyd edək ki, layihənin müzakirəsində parlamentdə akkreditə olunmuş jurnalistlərin də iştirakı gözlənilirdi. Amma məlum olub ki, iclasa yalnız AZTV, İTV, “AzərTac” və “Azərbaycan” qəzetinin müxbirləri dəvət olunub.
Müzakirəyə yalnız rəsmi medianın buraxılmasının isə maraqlı səbəbi var. Komitə sədri Hadı Rəcəblinin hər dəfə səsləndirdiyi fikirlər cəmiyyətdə böyük rezonansa səbəb olur. Belə ki, bir müddət əvvəl müəllimləri dərsdən sonra bənna işləməyi tövsiyə etməsi, Qarabağ müharibəsi iştirakçılatına təqaüd verilməməsi haqda səsləndirdiyi fikirlər böyük qalmaqala səbəb olmuşdu. Son olaraq isə “Köçkünlər pəncərəni açıq qoyurdu” ifadəsini səsləndirməsi sosial şəbəkələrdə ciddi tənqid edilir.
Ehtimal olunur ki, iclasa ancaq dövlət informasiya resurslarının dəvət olunması komitə sədrinin tapşırığıdır. O öz dilindən çıxan informasiyaların mətbuatda rezonans doğurmasından ciddi şəkildə narahatdır. Ona görə də yalnız rəsmi informasiyaların mətbuatda dərc olunmasını istəyir.
Parlamentin payız sessiyasında da spiker Oqtay Əsədov Hadı Rəcəbliyə mətbuata az çıxmağı tövsiyə etmişdi. Elə o müddətdən bəri Hadı Rəcəbli xüsusi olaraq saytlara və telekanallara müsahibə vermir.
***
H. Rəcəbli bildirib ki, o mətbuat xidməti funksiyası daşımır və tədbirə də jurnalistləri rəhbərlik etdiyi komitə dəvət etmir. Digər tərəfdən də, sözügedən iclas işçi qaydada çağırılmış iclasdır, orada mətbuatın geniş iştirakı nəzərdə tutulmayıb. Fevralın 14-də komitənin geniş iclası var, orada da mətbuat iştirak edəcək.
Komitə sədri həmçinin bildirib ki, ümumiyyətlə onunla bağlı mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrin demək olar ki, hamısı təhrif olunmuş formada təqdim edilib. Onun sözlərinə görə, nə müəllimlərin işdən sonra bənnalıq etmələri, nə Qarabağ əlillərinə pulsuz dərman verilməməsi, də nə ki, məcburi köçkünlərin enerji israfçılığıyla bağlı fikirləri düzgün şəkildə mətbuata çatdırılmayıb:
“Bu fikirlərin heç biri mətbuatda olduğu kimi əksini tapmayıb və aparılan müzakirələr də obyektiv olmayıb”./Qafqazinfo.az/