Hacıqabulda ev quşlarının kütləvi tələf olması ilə bağlı açıqlama
25.04.2017 676 0.0 0

Hacıqabul rayonunda cücələrin tələf olma səbəbləri müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də Hacıqabul rayon sakini Rövşən Səməd oğlu Xəlifəyevə məxsus həyətdə 20 günlük cücələrinin tələf olması barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinə məlumat verilib.

Bununla əlaqədar idarənin baytarlıq mütəxəssisləri həmin təsərrüfatda olaraq araşdırma aparıblar. Araşdırma zamanı cücələr arasında tələfatın yalnız adı qeyd edilən təsərrüfatda baş verdiyi müəyyən edilib, rayonun digər təsərrüfatlarında isə quşların və cücələrin xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı cücələrə verilən yemin keyfiyyətsiz olması, zoogigiyeniki tələblərə uyğun olmadığı müəyyən edilib. Tələf olmuş cücələr baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahibinə müvafiq mütəxəssis məsləhətləri verilib.

Ölən cücələrdən və yemdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən cücələrdə yoluxucu xəstəliklərin törədiciləri aşkar olunmayıb. Cücələrin ölümünə zoogigiyeniki norma və qaydalara əməl edilməməsi səbəb olub. Cücələrin yemləmə, bəsləmə və saxlanmasına dair mütəxəssis tövsiyələrinə əməl edildikdən sonra təsərrüfatda ölüm halları aradan qalxıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərinə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar