“Azərbaycanın güləş tarixində yeganə üçqat dünya çempionu olmağım təsadüf deyil”.
Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin sərbəst güləşçisi Hacı Əliyevə məxsusdur.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 65 kq çəki dərəcəsində gümüş medal qazanan 31 yaşlı idmançı instaqram səhifəsi vasitəsilə paylaşım edib. Üçqat Avropa və üçqat dünya çempionu bildirib ki, qarşıdakı hədəfi növbəti dəfə planetin ən güclüsü olmaqdır: “Üç dəfə dünya çempionu olmaq üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdır. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər bu tarixi özüm də dəyişə bilərəm”.
Qeyd edək ki, Hacı Əliyev 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las Veqasda, 2017-ci ildə isə Parisdə dünya çempionu olub.