Həsən Ruhani: `Bizim raketlərimiz yalnız müdafiə üçündür`
09.04.2018 1318 0.0 0

İranda nüvə sənayesinin yaranmasının 12-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilib.

 

Məlumata görə, prezident Həsən Ruhani bildirib ki, İran nüvə energetikası sahəsində dünya ilə əməkdaşlıqda yeni bir yola çıxıb: “Biz bu sahədə təhqiqat aparmaq, texnologiya əldə etmək üçün kimdənsə icazə almırıq. Əlbəttə,  əməkdaşlıq etməyə hazırıq. İlk gündən dünya ilə konstruktiv əməkdaşlığa hazır olduğumuzu bildirmişik”.

 

Həsən Ruhani Donald Trampı nəzərdə tutaraq deyib ki, 15 aydır ABŞ-da iş başına gələn cənab çoxlu iddialar irəli sürür, ziddiyyətli danışıq və rəftar tərzi sərgiləyir, çalışır ki,  Hərtərəfli Birgə Fəaliyyət Planının tələblərini pozsun: “İndi də deyirlər, biz yenicə başa düşmüşük ki, bu plan məsələsində aldanmışıq. Bu, düzgün iddia deyil. Biz bu işi görməyə başladığımız ilk gündən qarşılıqlı uduş şərti ilə bu anlaşmanın dünyanın və tərəflərin xeyrinə olacağını demişdik. Hərtərəfli Birgə Fəaliyyət Planı çox möhkəm  təməllər üzərində qurulub və indiyə kimi çoxlu səylərə baxmayaraq, pozulmayıb. Biz  baş verə biləcək hadisələrə görə bütün lazımi tədbirləri görmüşük. Bu plan olsa da, olmasa da, ABŞ-la olsa da, ABŞ-sız olsa da, hər bir variant üçün hazırıq. Bizim texnologiyamıza və xalqımızın həyat tərzinə heç bir ziyan gəlməyəcək“.

 

H. Ruhani qeyd edib ki, İran kimsəni hədələmək fikrində deyil: “Yanlış mövqe sərgiləyənlər tezliklə başa düşəcəklər ki, bu kimi sözlər onların xeyrinə deyil. Biz tarixdə bu cür danışan adamları çox görmüşük. ABŞ-da ötən 40 il ərzində  çoxlu hökumət başçılarını görmüşük, onlardan biri də bu sonuncu gələndir. O, bizim üçün problem yarada bilməyəcək. Bizdə olan silah və raket gücü yalnız müdafiə üçündür. Ölkəmizin müdafiəsi üçün lazım olan hər növ silahı istehsal etməyə hazırıq. Bu, ona görədir ki, regionda və dünyada öz təhlükəsizliyimizi təmin edə bilək”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar