Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Qazeta.info Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.
Mərasimdə çıxış edən hərbi qulluqçular, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.