İyunun 8-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 43-cü buraxılışı keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qazeta.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, əvvəlcə üçrəngli bayrağımız fəxri qarovulun müşayiəti ilə sıra meydanına gətirilib.
Sonra ümummilli lider Heydər Əliyevin, Vətənimizin müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycanın Dövlət himni səsləndirilib.
Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov tədbirdə çıxış edərək əsası 1971-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş C.Naxçıvanski adına liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz rolunu qeyd edib. O, Silahlı Qüvvələrin, eləcə də Hərbi liseyin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulayıb.
Məktəb rəisi indiyədək liseyin məzunlarından 18 nəfərinin ali hərbi rütbəyə yüksəldiyini də diqqətə çatdırıb.
Məzunlar adından söz alan kursant Rəvan Şərifov hələ qarşıda onları ciddi sınaq gözlədiyini, aldıqları təhsilin hər zaman onların köməyinə çatacağını, doğma torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün savadlı, bacarıqlı bir zabit kimi yetişməyin vacib olduğunu bildirib. O, Vətən, dövlət, xalq qarşısında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə və Hərbi Liseyin şərəfini hər zaman uca tutacaqlarına söz verib.
Liseyin müəllimi Laləzar Həsənova məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb.
Kursant Nicat Kamilovun anası Nəsibə Şahıyeva övladının timsalında bütün məzunları təbrik edərək çətin, lakin şərəfli yolda onlara dözümlü, dəyanətli olmalarını tövsiyə edib.
Tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə attestat, döş nişanları və məzun albomları təqdim olunub, yaş kötüyünə buraxılışın rəmzi xatirə lövhəsi vurulub, liseyin döyüş bayrağının təhvil-təslimi və “Naxçıvanskilər” marşı ifa olunub.
Kursantlar təntənəli marşla keçdikdən sonra hərbi liseyin döyüş bayrağı aparılıb və son zəng çalınıb.