Koreya Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti artıq yaxın gələcəkdə xeyli azaldılacaq.
Trend-in yerli mətbuata istinadən verdiyi məlumata görə, belə plan bu günlərdə ölkənin Milli Müdafiə Nazirliyində səsləndirilib.
İslahatlar 2022-ci ilin sonuna orduda hərbi qulluqçuların sayının indiki 610 min nəfərdən yarım miltyonadək azaldılmasını nəzərdə tutur. İslahatlar, ilk növbədə, Quru Qoşunlarına toxunacaq. Hərbi Hava və Dəniz qüvvələrində xidmət edən hərbçilərin sayı isə dəyişməyəcək.
Bundan başqa, qadın hərbi qulluqçuların payı 8,8 faizədək artırılacaq. Həmçinin, Cənubi Koreya ordusundakı generalların sayı indiki 430-dan 70-80 nəfərədək azaldılacaq.
Lakin bu da son deyil. Orduda xidmət müddətinin 2022-ci ildən etibarən 18 ay müəyyən edilməsi gözlənilir. Hazırda bu, 21 aydır.
Bununla yanaşı, Şimali Koreyadan təhdidləri nəzərə alaraq, Cənubi Koreya hərbçiləri 3 xüsusi desant bölməsi yaratmaq niyyətindədirlər.