Həbsdən azad olunanlar peşə hazırlığına cəlb olunur
03.03.2015 732 0.0 0

Qazeta.info bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında 2014-cü ilin martında imzalanmış müvafiq Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin peşə reabilitasiyasına cəlb edilməsi istiqamətində işlər davam etdirilir. 
   Martın 5-dən etibarən Bakının Nizami rayonundakı 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkmə müddəti cari ilin ortalarında başa çatacaq 16 nəfər şəxs üçün peşə hazırlığı kursuna başlanacaq. Cəzaçəkmə müəssisəsinin nəzdindəki peşə məktəbinin bazasında həmin məhbuslar iki ay müddətində müvafiq peşə təlimi keçməklə, mebel quraşdırıcısı peşəsinə yiyələnəcəklər. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılacaq. 
   Qeyd olunan Tədbirlər Planına əsasən, ötən il ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən 32 nəfər məhbus qadın dərzi, dülgər-xarrat, kompyuter istifadəçisi, kompyuter texnikasının təmiri, bərbər-manikürçü və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu istiqamətdə işlər Azərbaycan Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılır. Proqramda cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluqlarına köməklik məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də əksini tapıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar