Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Azərbaycana gəlib.
Məlumata görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
G. Kvirikaşvili Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyub.
Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.
Qonaq Şəhidlər xiyabanını da ziyarət edib.
Gürcüstan hökumətinin məlumatına görə, səfər çərçivəsində baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Gürcüstanlı baş nazirin azərbaycanlı həmkarı Artur Rasizadə ilə təkbətək və geniş tərkibdə danışılar aparması da gözlənilir.
G. Kvirikaşvilini müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Gigi Gigiladze müşayiət edir./apa/