Günvurmadan necə qorunmalı?
01.07.2015 623 0.0 0

Son günlər havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ölkədə günvurma hallarının sayı artıb. Bununla əlaqədar insanları günvurmanın hansı hallarda baş verməsini və bundan qorunmaq üçün hansı tədbirlər görülməlidir sualı çox maraqlandırır və hamının bunu bilməsi faydalıdır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri Dilarə Xəlilovanın verdiyi məlumata görə, günvurma uzun müddət və birbaşa günəş şüalarının başın açıq sahələrinə təsiri nəticəsində yaranan vəziyyətdir. Günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda baş verir. Günəş şüalarının təsiri nəticəsində baş beyində qan axını artır və nəticədə qan dövranı pozulur.

Onun sözlərinə görə, günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslər məruz qalırlar.

O, həmçinin günvurmanın əsas əlamətləri kimi kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda qıcolma və huşun pozulmalarının olduğunu bildirib.

Ümumiyyətlə, günvurmanın 3 növü var: yüngül, orta və ağır dərəcəli günvurma. Günvurma zamanı ilkin yardım zərərçəkəni kölgəyə və sərin yerə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyyələri soyuq su ilə silmək və ya kompress qoymaq lazımdır. Qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur.

Günvurmanın profilaktikası üçün isti havalarda tövsiyyə olunur ki, əsasən saat 11:00-dan 18:00–dək mümkün qədər açıq günəş altında olmamaq lazımdır. Həmçinin açıq rəngli, təbii materiallardan hazırlanmış geyimlərdən, başörtükləri və papaqlardan istifadə etmək, ən vacib də bol maye qəbul etmək məsləhətdir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar