Platformada qaz sızması ilə bağlı mərkəzə xəbər verilsə də, hasilatın davam etdirilməsi tələb olunub.Ekspert qrupunun rəylərinə əsasən, çox ciddi təhlükəsizlik qaydalarının pozulduğu müşahidə olunub.
"Azərbaycanda dəniz neftçıxarma platforma və estakadalarında son illər baş vermiş qəzaların xronikasına nəzər yetirdikdə, 2015-ci il dekabrın 4-də baş vermiş qəza qədər ağır hadisə olmayıb. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 13 nəfər işçinin həyatına son qoydu, 18 nəfər işçi isə itkin düşüb, 32 nəfəri isə xəsarət alıb". Dünən bu fikirlər Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının "Günəşli" yatağında baş verən yanğınla bağlı hazırladığı hesabatın təqdimatında bildirilib.
Hesabatda qeyd edilir ki, hadisə nəticəsində ölən, itkin düşən və xəsarət alanlarla bağlı məlumatlar qeyri-dəqiqdir. Belə ki, son rəsmi məlumatlarda xəsarət alanların sayı 33 nəfər göstərilsə də, dekabrın 5-də açıqlanan sıyahıda 32 nəfərin adı qeyd olunur, 1 nəfərin isə cəsədinin çıxarıldığı vurğulanırdı. Ümumilikdə isə, ictimaiyyətə 62 nəfərin adı və soyadı məlumdur.
NHMT-nın sədri Mirvari Qəhrəmanlı bildirdi ki, yanğının baş verməsinin əsas səbəblərindən biri qaz sızması olub: "Neftçilərlə apardığımız söhbətlərdə boru xəttində xamutun boşalması nəticəsində qaz sızması baş verib. Bu haqda hadisə baş verməzdən 1 gün əvvəl telefonaqrama ilə mərkəzə xəbər verilib. Lakin onlara bildirilib ki, istehsalatı dayandırmaq olmaz. Neftçilər bildirir ki, insan itkilərini minimuma endirmək olardı. Müəyyən işləri məhdudlaşdıraraq, işçiləri dərhal çıxarmaq olardı".
M.Qəhrəmanlıya görə, neft və qaz quyularının sayı ilə bağlı açıqlanan rəqəmlərdə də təzadlı məqamlar yer alıb: "Belə ki, ARDNŞ platformada 30 quyunun olduğunu qeyd edir. Onun 2-si işlək deyil. İşlək olanların 24-ü neft, 4-ü qaz quyusudur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova isə mediaya verdiyi açıqlamada 21 neft, 7 qaz quyusundan bəhs edir".
NHMT -nın ekspertlər qrupunun gəldiyi qənaətə görə, qaz quyuları söndüyü müddətə qədər sutkada 1 milyon m3 qaz yanaraq, itkiyə məruz qalıb: "Orda bir gündə 1 milyon m3 qaz çıxarılırdı. Demək, ildə ondan 335,8 min ton neft və 365 mln m3 qaz hasil edilir. "Azneft" İB-nın rəsmi açıqlamasından, ancaq hər gün yanan qazın həcmini hesablamaq olar. Neft quyularında itkilər cüzi olub. Orada köhnə quyular olduğuna görə qaz vurulmadan neft hasil etmək olmazdı. Yanğın baş verdiyi birinci gündən neftin hasili də dayanıb".
Ekspert qrupunun rəylərinə əsasən, çox ciddi təhlükəsizlik qaydalarının pozulduğu müşahidə olunub: "Həmin gün küləyin gücü 10 baldan yüksək olub. Qanunvericiliyə görə, küləyin gücü 10 baldan artıq olduqda, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər dayandırılmalıdır. Hətta 8 baldan artıq olduqda belə qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalı idi.
Belə havada 18 nəfər tikinti və qazma briqadasının üzvlərinin platformada olması qanunaziddir. Quyuların yuyulmasından başqa bütün işlər məhdudlaşdırılmalı idi. Bu işdə bilavasitə məsuliyyət işçini küləkli havada platformadan çıxarmayan 28 May adına NQÇİ, Neftqaztikinti, Kompleks Qazma işləri tresti, Nəqliyyat departamenti, Xəzər İaşə xidməti və s. idarə rəhbərlərinin üzərinə düşür. Həmin bədbəxt hadisə ilə bağlı, təəssüf ki, heç kim məsuliyyətə cəlb olunmayıb".
Əsas narahat doğuran məqamlardan biri də ekoloji vəziyyətin pisləşə biləcəyidir. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı ekspertlərinin ekoloji rəylə bağlı gəldiyi qənaətə görə, adətən, bu cür qəzalar zamanı karbohidrogenlərin sızması baş verir ki, bu da ətraf mühitə ciddi zərərli təsirlər göstərir: "Qəzanın baş verməsindən bir qədər sonra artıq bir sıra informasiya agentlikləri müəyyən miqdarda neft dağılmaları haqqında məlumatlar verməyə başladı. Məsələn, "RİA Novosti" xəbər verirdi ki, kosmik radarlar tərəfindən əldə edilən məlumatlara əsasən, 13 dekabrda 300 kvkm çirklənmiş ərazi müşahidə edilib.
"Günəşli" yatağında baş verən qəzadan sonra neft dağılmaları sahəsi getdikcə artmaqdadır ki, bunu da peyk şəkilləri sübut edir.
Sonradan FHN, ETSN, SOCAR, BP-şirkətinin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu xüsusi təchiz edilmiş gəmi və vertolyotlar vasitəsi ilə qəza zonasında müşahidələr aparmışdır. "Günəşli" və "Neft Daşları" yataqları və yaxın ərazilərdə neft dağılmalarını sübut edən ciddi ləkələr aşkar edilməmişdir".
NHMT-nın ekspertlərinə görə, Xəzər dənizi akvatoriyasının monitorinqi davam etdirilməli və bu monitorinq prosesinə vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil ekspertlər cəlb edilməlidir: "Çünki neft hasilatı sahəsində dünya təcrübəsi göstərir ki, bu cür qəzalar zamanı neft və qaz kondensat dağılmaları ətraf mühitə mənfi təsirlər göstərir.
Eyni zamanda, platformalarda yanğınların söndürülməsi zamanı nəzərə almaq lazımdır ki, quyunun etibarlı şəkildə bağlanmasının mümkün olmaması səbəbindən qaz ehtiyatları olan laylarda qaz tamamilə çıxa bilər, bu çox iri həcmdə istixana qazlarının atmosferə buraxılmasına səbəb olar. Yanmamış təbii qazın atmosferə dağıdıcı təsiri (SO2) dəm qazının təsirindən 20 dəfə güclüdür. Buna görə də mümkün qəzalar və karbohidrogen dağılmalarından, ətraf mühitin mühafizə edilməsi üçün dövlət və yerli orqanlar əvvəlcədən qabaqlayıcı tədbirlər planı hazırlamalıdır; qarşıya yerinə yetirilməli olan vəzifə qoyulur və bu vəzifələrin yerinə yetirilməsi üçün məsul şəxslər təyin edilir. Adətən, bu işlərə bioloq alimlər, hüquqşünaslar, təmizləmə üzrə ixtisaslaşan firmalar, canlı orqanizmlərin reabilitasiyası üzrə mütəxəssislər, yerli orqanları təmsil edən rəsmi şəxslər cəlb edilir"./bizimyol.info/