Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, bu gün Bakı 2015-də güləş üzrə yarışların son günü kimi yadda qaldı. Sonuncu yarış günündə 4 çəki dərəcəsi üzrə medallar sahibini tapdı.
İyunun 18-də Avropa Oyunlarında ilk dəfə olaraq azərbaycanlı güləşçilər qızıl medal yox, yalnız bürünc medal urunda yarışdılar.
61 kq çəki dərəcəsində azərbaycanlı güləşçi Hacı Əliyev türkiyəli Munir Recep Aktaşla qarşılaşdı. Həmyerlimiz rəqibinə heç bir şans vermədi (10:2) və Avropa Oyunlarını 3-cü yerdə bitirdi.
70 kq çəki dərəcəsində üçüncülük uğrunda yarışda Azərbaycan təmsilçisi Ruslan Dibirhacıyev gürcü David Tlaşadzeyə 3:1 hesabı ilə qalib gəldi.
125 kq çəki dərəcəsində Cəmaləddin Maqomedov 3:1 hesabı ilə slovakiyalı idmançı Soslan Qaqloyevə üstün gəldi. O, son görüşündə rəqibini 7:2 hesabı ilə məğlub edərək bürünc medala yiyələndi.
Təkcə 86 kq çəki dərəcəsində Azərbaycan medal əldə edə bilmədi. Ölkəmizi təmsil edən Nurmaqomed Hacıyev rəqibi Polşalı Radoslav Marcinkyeviczlə gücünü yoxladı. 19 yaşlı Hacıyev 3:0 hesabı ilə öndə olsa da, 3:5 hesabı ilə uduzdu. Nəticədə o, yarışı 5-ci pillədə bitirdi.
Beləliklə, bu gün güləş yarışlarında azərbaycanlı idmançılar 3 bürünc medal qazandılar.
Qızıllar kimə çatdı?
İlk yerlərə gəlincə, 61 kq çəki dərəcəsinin final oyununda Aleksandr Boqomoyev (RUS) kişilər arasında sərbəst növdə Beka Lomtadzeni (GEO) məğlub edərək qızıl medala yiyələndi. Lomtadze gümüş, Hacı Əliyev və Vasil Şuptar (UKR) bürünc medala layiq oldular.
70 kq çəki dərəcəsində Maqomedrasul Qazımaqomedov (RUS) 3:1 hesabı ilə Maqomedmurad Hacıyevə (Polşa) qalib gəldi.
86 kq çəki dərəcəsində sərbəst növ üzrə final görüşü yenə də Rusiyalı güləşçinin qələbəsi ilə başa çatdı. Belə ki, Abdulrəşid Sadulayev Moldovadan Pyotr İanulovu 4:0 hesabı ilə məğlub etdi. İanulov gümüş, Marçinkieviç (POL) və Aminaşvili (GEO) isə bürünc medala yiyələndilər.