Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin qaytarması ilə əlaqədar amerikalı həmkarı Loretta Linçlə görüşüb.
Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, Bozdağ görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında ABŞ tərəfinə təqdim edilən sənədlərin Gülənin müvəqqəti həbsi üçün kifayət etdiyini deyib.
“Görüş çox faydalı keçdi. Terrorçu Fəthullah Gülənin ölkəmiz üçün hansı anlam daşıdığını çox açıq bir şəkildə ifadə etdik. Fətullahçı Terror Təşkilatının qurucusu və lideri Fətullah Gülənin Pensilvaniyada terror təşkilatını idarə etməyə davam etdiyini, bunun iki dost və müttəfiq ölkə üçün qəbuledilməz olduğunu çox dəqiq bir dillə ifadə etdik. Biz qarşı tərəfə ekstradisiya ilə bağlı əlavə dəlilləri vermişik. ABŞ tərəfinə təqdim edilən sənədlər Gülənin müvəqqəti həbsi üçün kifayət edir”, - Türkiyənin ədliyyə naziri bildirib.
Bəkir Bozdağ həmçinin qeyd edib ki, ABŞ-da həbsdə olan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyədə mühakimə olunmalıdır. O, bildirib ki, bunu qarşı tərəfə də çatdırıblar.