Güclü zəlzələlər ola bilər – XƏBƏRDARLIQ
16.09.2017 788 0.0 0

Zaman-zaman həm yerli, həm də xarici mediada zəlzələ proqnozlarının şahidi oluruq. Təbii, bu cür məlumatlar insanların təlaşına səbəb olur. Əslində proqnozların deyilmə səbəbi qabaqcadan hazırlıq işlərinin aparılmasıdır. Lakin çox vaxt səsləndirilən fikirlər özünü doğrultmur. Yalnız təsadüfi hallarda deyilən tarixlər üst-üstə düşür.

Maraqlıdır, həqiqətən zəlzələnin proqnozunu qabaqcadan demək mümkündürmü?

Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Modern.az-a açıqlamasında bildirib ki, əksəriyyət ehtimallarla gözləntini qarışdırır:

“Ehtimal və gözlənti tamam başqa şeydir.  Məsələn, Abşeron ərazisi 8-9 ballıq zonadır. Bu o demək deyil ki, yaxın günlərdə eyni bal gücündə zəlzələ olacaq. Gözləmək proqnozdur. Lakin həmin zonada  20, 50 və ya 100 ilə zəlzələ olma ehtimalı mümkündür. Bu səbəbdən əhali arasında çaşqınlıq yaradılmamasını xahiş edirəm. Şamaxı da ehtimal olunan zonadır.  1902-ci ildə həmin ərazidə 9 ballıq güclü zəlzələ baş verdi. O vaxtdan bu yana 115 il keçib. Hələki eyni gücdə zəlzələ baş verməyib. Bu zəlzələ yenidən təkrarlana bilər, ehtimal var. Amma aparılan tədqiqatlar  göstərir ki, yaxın müddətdə 9 bal gücündə zəlzələ gözlənilmir. Qısamüddətli proqnozu nəinki Azərbaycanda, bütün dünyada demək qeyri-mümkündür.

Qısamüddətli proqnozda üç parametr əsas götürülür: zəlzələnin yeri, vaxtı və gücü. Mən yaxın zamanlarda 3-4 bal gücündə zəlzələ olacaq deyə bilərəm. Amma bu, əhəmiyyətsiz bir şeydir və dünya standartlarında da bu cür proqnozlar qəbul edilmir. Proqnozu güclü, dağıdıcı zəlzələ üçün verirlər. Məsələn, bu yaxınlarda Meksikada, ondan qabaq dəfələrlə Yaponiya, İndoneziya, İranda zəlzələlər baş verdi.   

Dağıdıcı zəlzələlərə qarşı tədbirlər görülməlidir. Təbii, bu cür zəlzələlərin nəticəsi böyük fəsadlara yol aça bilər. Bu səbəbdən hər zaman hazırlıqlı olmaq lazımdır. Lakin yenə də qabaqcadan  proqnoz vermək mümkün deyil”.

Xəzər dənizində 8-9 ballıq zəlzələ ocaqları var

Q.Yetirmişli Azərbaycandakı zəlzələ ocaqlarından da söz açıb:

“Mən demirəm ki, ümumiyyətlə zəlzələ olmayacaq. Zəif zəlzələlər həmişə var. Ortamüddətli proqnozu isə yenə bir neçə il üçün demək olar. Əslində bütün bunlar əhəmiyyətsiz bir şeydir. Hər bir tikinti üçün ərazinin maksimal seysmikliyini müəyyənləşdiririk ki, burada nə vaxtsa-100, 200 və ya 500 ilə  8-9 bal gücündə zəlzələ ola bilər. Bu ehtimalı nəzərə alıb binaları zəlzələyə qarşı davamlı tikməlidirlər ki,  zəlzələ olduğu halda dağıntılar az olsun.
Azərbaycanda Xəzər dənizində 8-9 ballıq zəlzələ ocaqları var. Şamaxı, İsmayıllı zonası, şimal, şimal-qərb bölgəsi, Gəncəbasar zonası, cənub zonası, Naxçıvan zonasında da zəlzələ ocaqları mövcuddur. Ümumilikdə Azərbaycan seysmatik bölgədə yerləşir. Hər zaman təkanlar olsa da, sadəcə dağıdıcı təkanlar nadir hallarda baş verir. Ən axırıncı dağıdıcı, insan tələfatına səbəb olan zəlzələ bayaq da qeyd etdiyim kimi Şamaxıda olub”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda zəlzələ gücünü ölçmək üçün müasir standartlara cavab verən cihazlar mövcuddur:

“Biz Amerikadan zəlzələ gücünü ölçmək üçün cihazlar gətirib quraşdırmışıq. Dəqiqlik 0-0,1-dən yuxarıdır, yəni cihaz, daxildə gedən bütün prosesləri yaza bilir. Bu cihazlar müasir texnologiyanın tələbatına cavab verən, ən axırıncı və güclü ölçü avadanlığıdır”./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar