Güclü qar cənub bölgəsinə bir sıra problemlər yaradıb
27.01.2016 588 0.0 0

Azərbaycanın cənub rayonlarında qarlı hava şəraiti davam etməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsinin rəisi Cavid Hüseynovun verdiyi məlumata görə, hazırda qarın hündürlüyü Yardımlıda 30 sm, Lerikdə 23 sm, rayonun ucqar dağlıq və dağətəyi ərazilərində 25-30 sm, Lənkəranda isə 25 sm təşkil edir. Ötən gecə bölgənin yüksək dağlıq ərazilərində 13 dərəcəyədək şaxta müşahidə olunub.
 
Lənkəran rayonunda qar heç bir fəsad törətməyib. Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev bildirib ki, rayonun müvafiq qurumları problemlərin yaranmaması üçün lazımi qabaqlayıcı tədbirlər görüblər.
 
Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xamiyevin verdiyi məlumata görə, Yardımlı şəhəri istisna olmaqla, rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli dayandırılıb: ”Bu da yüksək gərginlikli elektrik hava xətlərində baş vermiş qəzalarla əlaqədardır. Hazırda qəza briqadaları tərəfindən problemin həlli istiqamətində müvafiq tədbirlər  görülməkdədir. Ümid edirik ki, günün sonuna kimi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunacaq”.
 
A.Xamıyev bildirib ki, Masallı-Yardımlı şosesində nəqliyyat vasitələri sərbəst hərəkət edə bilirlər. Bununla belə rayonun ucqar ərazilərinə gediş-gəlişdə çətinliklər yaşanmaqdadır. Vəziyyətin qaydaya salınması məqsədilə rayonun müvafiq qurumları tərəfindən tədbirlər davam edilməkdədir.
 
Kəskin hava şəraiti Lerik rayonunun elektrik təsərrüfatında  problemlərə səbəb olub. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Əflatun İbrahimovun verdiyi məlumata görə, hazırda rayonun 60-dan çox yaşayış məntəqəsi işıqsız qalıb: ”Dünəndən qəza briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə cəlb olunublar. Çalışırıq ki, qısa müddətdə əhalini elektrik enerjisi ilə təmin edək”.
 
Gecə yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şosesində yaranmış çətinliklərə baxmayaraq, hazırda yolda nəqliyyat vasitələri hərəkət edir. 25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin  2 ağır texnikası, o cümlədən duz və qum səpən maşınları sutka boyu yola nəzarət edirlər.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsindən bildirilib ki, qarlı hava şəraiti yanvarın 27-dən 28-ə keçən gecəyə kimi davam edəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar