Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda baş vermiş yanğında yaralılardan 3-nün vəziyyəti ağırdır.
Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, yaralılardan üçü Bakıya göndərilib.
44 yaşlı Xatirə Səttarova, 54 yaşlı Gülnarə Muradova və 42 yaşlı Zülfiyyə Mehdiyeva reanimasiya şöbəsinə yerləşdirilib.
Bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda yanğın, daha sonra isə partlayış qeydə alınıb. Hadisə nəticəsində bir nəfər - Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızı dünyasını dəyişib. Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcək.
19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıb.
Termik yanıq xəsarətləri ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslər bunlardır:
1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızı (yanıq xəsarəti)
1961-ci il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı (yanıq xəsarəti)
1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı (ağır vəziyyətdə reanimasiyadadır)
1964-cü il təvəllüdlü Vəliyeva Həlimə Ordu qızı (yanıq xəsarəti)
1960-cı il təvəllüdlü Rzayeva Şərqiyyə Ədalət qızı (yanıq xəsarəti)
1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı (yanıq xəsarəti).
Bildirək ki, Müdafiə sənayesi naziri Yavər Camalov dərhal hadisə yerinə gedib.Baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 təcili tibbi yardım briqadası cəlb olunduğu və hadisə ilə əlaqədar Telemexanika zavodu istiqamətində yolların hamısı bağlandığı bildirilib.
Zavodda baş verən yanğın və partlayışın ilkin səbəbi də məlum olub. Müdafiə Sənayesi Nazirliyinin məlumatında bildirilir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.
Telemexanika zavodu 1981-сi ildə Сihazlar zavodu adı altında fəaliyyətə başlayıb. 1988-сi ildə Сihazlar və Sənaye avtomatikası və Telemexanika zavodları birləşdirilərək Sənaye avtomatikası və Telemexanika zavodu adı altında fəaliyyət göstərib. 1991-сu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.
2006-сi ildən Telemexanika zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.
Telemexanika zavodunun əsas fəaliyyət istiqamətləri neft sənayesi ücün сihazların istehsalı və texnoloji tərtibatların hazırlanmasıdır. Zavodda ümumilikdə 245 nəfər işçi çalışır./anspress/