Gözlənilən dollar qərarı verildi
18.12.2015 1333 0
Mərkəzi Bankdan müəmmalı mövqe; Vüqar Bayramov: "FES-in qərarı manata təzyiqi artırdı və bu, artıq müşahidə edilir"
ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib. Xatırladaq ki, son 9 ildə ABŞ Mərkəzi Bankı ilk dəfə idi ki, uçot dərəcəsinin artırılması haqda qərar verirdi. Düzdür, bu qərarla dünya iqtisadiyyatı hər hansı bir şok yaşamadı. Çünki uçot dərəcələrinin 0,25-dən 0,5-ə qaldırılması gözlənilən idi və demək olar ki, qlobal iqtisadiyyat buna hazır idi.
Lakin gün başlar-başlamaz dollar bahalaşdı, avro isə hegemon ABŞ valyutasına nisbətdə dəyər itirdi. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələrə görə, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-sı ilə müqayisədə 0,04% artaraq 1,0499 manat olub. Avro isə 0,72% ucuzlaşaraq 1,1394 manata düşüb.
FES-in qərarının, qlobal valyuta bazarına, ayrı-ayrı dövlətlərin valyutalarına, o cümlədən Azərbaycan manatına da təsirsiz ötüşməyəcəyi son günlər ən çox səslənən proqnozlar sırasında idi. Lakin manatın məzənnəsinin Mərkəzi Bank tərəfindən müəyyən olunması bu prosesin milli valyutamıza birbaşa təsirinin qarşısını aldı. Ancaq qarşıdakı günlərdə manatın məzənnəsində hiss ediləcək ucuzlaşmanın olacağı istisna edilmir.
"Yeni Müsavat"a açıqlamasında ABŞ Mərkəzi Bankının son qərarının Azərbaycan manatına təsirlərindən danışan iqtisadçı alim Vüqar Bayramov da bildirdi ki, qlobal valyuta bazarı üçün bu qərar gözlənilən idi: "Federal Rezerv Bankının qərarına dünya valyuta bazarı, demək olar ki, hazır idi. İndi avronun kursunda dollara nisbətən cüzi azalmalar müşahidə olunur. Ancaq kəskin azalmalar yoxdur. Bu da onunla bağlıdır ki, qlobal valyuta bazarı psixoloji və iqtisadi baxımdan FES-in qərarına hazır idi. Ancaq nəzərə alsaq ki, söhbət mərhələli şəkildə uçot faizlərinin artırılmasından gedir, bu zaman dolların da mərhələli olaraq valyuta bazarında möhkəmlənəcəyi istisna edilmir. FES-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarı prosesin nə başlanğıcı, nə də sonudur. Amma sözsüz ki, FES-in qərarının dünya iqtisadiyyatına, eləcə də Azərbaycan iqtisadiyyatına təsirləri var. Manatın məzənnəsinə dolayı təsirləri var. FES-in son qərarı manatın məzənnəsinə psixoloji baxımdan təzyiq edir".
Ekspert bildirdi ki, bu qərarın iqtisadi təsirlərinin olacağı da istisna deyil: "Azərbaycan manatının məzənnəsi ikivalyutalı səbət əsasında müəyyənləşdiyi üçün, dolların avroya qarşı möhkəmlənməsi, birbaşa dolların manata qarşı da möhkəmlənməsinə gətirib çıxarır. Manat avroya qarşı güclənsə də, ABŞ dollarına nisbətən dəyər itirir. Yəni dolayısı ilə FES-in qərarı manatın avroya nisbətən möhkəmlənməsinə, manata nisbətən zəifləməsinə gətirib çıxarır. Bu baxımdan FES-in qərarının daha çox neft ölkələrinə təsir edəcəyi gözlənilir. Çünki FES-in qərarından sonra bahalı pul siyasəti nəticəsində dolların dəyərinin artması, strateji məhsullların, o cümlədən neftin qiymətinin azalmasına gətirib çıxaracaq".
V.Bayramov ABŞ-ın neft ixracına qoyulan qadağanı aradan qaldırması faktına toxunaraq bunun neftin qiymətinə təsir edəcəyini vurğuladı: "Artıq neftin dünya bazarındakı qiymətində də müəyyən azalmalar müşahidə edilməkdədir. Eləcə də ABŞ-da neft ixracatına olan qadağanın aradan qaldırılması da bazarda təklifin artmasına səbəb olacaq. Əslində bazarda təklifin çoxluğu müşahidə olunurdu. Hazırda neftə olan tələbat gündəlik olaraq 94 milyon bareldir, Ancaq bazara çıxarılan neftin həcmi gündəlik 97 milyon bareldir. Yaxın bir il ərzində, yəni 2016-cı ilin sonuna qədər dünyadakı mövcud iqtisadi artım tempini nəzərə alsaq tələbin təkliflə bərabərləşəcəyi gözlənilmir. Əgər təklif artmazsa, hazırkı iqtisadi artım tempi nəzərə alınmaqla bazarda balans formalaşa bilər. Ancaq hələlik təklifin tələbdən çox olması və buna uyğun olaraq qiymətlərin iqtisadi baxımdan aşağı düşəcəyini göstərir. O baxımdan bir tərəfdən neftin ucuzlaşması fonunda neft ölkələrinə valyuta daxilolmaları azalır. Digər tərəfdən isə bahalı dollar neft ölkələrinin valyutalarına təzyiqi artırır. Bu kontekstdə Azərbaycana da neftin ucuzlaşması fonunda valyuta daxilolmalarının azalacağı gözlənilir".
Manatın məzənnəsinin bundan sonrakı taleyinə gəlincə, iqtisadçı ekspert Mərkəzi Bankın iki mümkün variantının olduğunu bildirdi: "Manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirir. Mərkəzi Bank borclanmaya gedərək mövcud siyasəti davam etdirə bilər ki, ölkədə dollarlaşma prosesi başa çatsın, ondan sonra manatın məzənnəsini azalda bilər. İkinci bir variant isə odur ki, Mərkəzi Bank üzən valyuta rejiminə keçə bilər. Bu da manatın məzənnəsinin azalmasına gətirib çıxara bilər. Manatın məzənnəsi yaxın zamanlarda Mərkəzi Bankın bu iki variantdan hansını seçməsindən asılı olacaq".
İqtisadçı ekspert Samir Əliyev isə hesab edir ki, FES-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır: "Fikirləşirlər ki, manatın devalvasiyası olacaq, ancaq FES qərarının bu tipli təsiri yoxdur, sadəcə, məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FES-in qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə, FES-in qərarının manata birbaşa təsiri yoxdur".
APA Mərkəzi Bankın ABŞ-ın Federal Ehtiyat Sisteminin qərarı ilə bağlı açıqlamasını yayıb. Daha sonra Mərkəzi Bankın mətbuat xidməti FES-in qərarı ilə bağlı heç bir açıqlama vermədiyini bəyan edib: "Mərkəzi Bankının mətbuat xidmətinə daxil olmuş sorğularla bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməmişdir. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir".
Qeyd edək ki, öncəki açıqlamada deyilirdi ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək: "Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik"./bizimyol.info/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər