Gömrükdə izləmə kameraları
11.02.2015 838 0.0 0

 Fevralın 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ATƏT-in Bakı Ofisinin Layihə Əlaqələndiricisi  Aleksis Şaxtaxtinskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 Qazeta.info Dövlət Gömrük Komitəsinə istinadən Bildirir ki, Qonaqları qəbul edən DGK sədri Aydın Əliyev Azərbaycan və ATƏT arasında səmərəli əlaqələrdən bəhs edib.

    Müstəqil Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə də toxunan DGK sədri əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş, artıq ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, cari ilin sentyabr ayında 10-cu Beynəlxalq PICARD Konfransının da Bakı şəhərində gerçəkləşəcəyini diqqətə çatdırmış, eləcə də ÜGT-nin Regional Tədris Mərkəzinin və  Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda fəaliyyətə göstərməsini mövcud əlaqələrin müsbət məcrada davamlı inkişafına bir töhfə kimi dəyərləndirilib.

       

     Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinin fəaliyyətilə tanış olublar. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

    Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində “Hədəf” Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

   O da nəzərə çatdırılıb ki, “Hədəf” Mərkəzinə daxil olan videogörüntülərlə yanaşı, yük-nəqliyyat vasitələrinin nəzərdə tutulan ünvana hərəkət istiqamətlərini də elektron tabloda izləmək mümkündür. “Hədəf” Mərkəzində hava yolu ilə hərəkət edən sərnişinlərin kimliyi, həmçinin gün ərzində rəsmiləşdirilən yük-gömrük bəyannamələrinin sayı barədə də bilgilər əldə etmək olar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar