Geomaqnit qasırğaları baş verib
31.10.2016 821 0.0 0
Zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək

Günəşin səthində nisbi sakitlik hökm sürür və “gündüz ulduzu”muzun görünən tərəfində cəmi 12 ləkə və 1 zəif fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur.

 

Məlumata görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, son 6-7 gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşmaları hətta G1 və G2 sinfinə mənsub olan geomaqnit qasırğalarına da səbəb olub (şkala üzrə maksimum G5 olur). Hazırda qasırğa səngimək üzrədir və əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti bu gün 3-ə yenib (maksimum qiymət 9-dur). Qasırğa olan günlərdə şimal en dairələrində geomaqnit qasırğasının təzahürü və gözəl təbiət hadisəsi olan qütb parıltıları da müşahidə olunub.Günəş səthində müşahidə olunan nisbi sakitlik davam edəcək, Günəş alışmalarının baş vermə ehtimalı cəmi 1-5% arasında dəyişəcək və zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək.

 

Geomaqnit həyəcanlaşmaları və qasırğaları mürəkkəb bir heliogeofiziki prosesdir. Bir daha qeyd etmək lazımdır ki, son günlərdəki qasırğaların səbəbi Günəş səthində hal-hazırda mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olub (“tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir).

 

Bu gün yuxarı en dairələrindən fərqli olaraq, bizim orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər, lakin risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik (önləyici) tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və “aktiv istirahət” etməkdir. Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər (son günlər məhz bu hallar müşahidə olunurdu). Ümimiyyətlə isə, bu təsirlər hər bir funksional sağlam individum üçün xeyli fərqlənə bilər. Geomaqnit  qasırğaları bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüdətli sönmələr (və ya “donmalar”) və radiasiya fırtınaları yarada bilər. Bu dəfə belə hallar qeydə alınmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar