GEDİŞ HAQLARININ QALXACAĞI İLƏ ƏLAQƏDAR AÇIQLAMA
24.12.2014 1269 0.0 0
Tarif Şurasında ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə baxılmır.

 

Bunu İqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlama verib.

 

 

A.Əliyev bildirib ki, Nəqliyyat nazirliyi tərəfindən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.

 

 

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacağını deyib.

 

Ə. Cəfərov deyib ki, bu gün artıq Bakıda yeni və müasir tələbələrə cavab verən avtobuslar istismara verilib: “Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq”.

 

Qeyd edək ki, bu gün gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni avtobuslar sərnişinlərin xidmətinə verilib.

 

Artıq 25 ədəd Türkiyə istehsalı olan “İsuzu” markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edirlər.

 

Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.

 

Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

 

Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar