«Əgər biz Rusiyanın marağından çıxış etsəydik...»
19.05.2016 796 0
"O zaman Rusiya rəhbərliyi Qarabağı da bütün yaraqlılardan azad edə bilərdi"
Qazeta.info xəbər verir ki, sabiq prezident Ayaz Mütəllibov moderator.az-ın suallarını cavablandırıb.
- Ayaz müəllim, bir zaman açıqlama vermişdiniz ki, AXC zorla hakimiyyəti ələ keçirməsəydi, Rusiya ilə əldə olunan razılaşma əsasında qısa zamanda Şuşanın geri qaytarılmasına nail olacaqdınız. İstərdik ki, ilk əvvəl bu fikrə aydınlıq gətirəsiniz.
- O dövrdə çox şey etmək olardı. Biz bilirdik ki, Rusiya dövlətinin Azərbaycanla bağlı hansı geosiyasi maraqları var. Biz bu maraqları nəzərə alaraq, dövlət siyasətimizi elə qurmalı idik ki, nəyin bahasına olursa - olsun, Qarabağı azad etməliyik. Dövlətin səylərini ancaq buna yönəltməli idik. 90-ci illərdə Ernənistanın Rusiyaya qarşı getməsindən istifadə edib, biz elə Rusiyanın əliylə Azərbaycandan erməni yaraqlılarını və onlara qoşulmuş erməni kəndlərin təmizlədik. Xalqda belə təsəvvür yaratmaq istəyirlər ki, Rusiya ilə sıx əməkdaşlıq ölkəmizin müstəqilliyini itirməyə gətirib çıxara bilər. Bu düzgün fikir deyil, çünki 2 mart 1992-ci ildə bizi BMT tanımışdı və Azərbaycan dünyanın siyasi xəritəsində öz yerini tutmuşdu. Rusiya ilə bizim ancaq strateji əməkdaşlığımız olardı. Yadınızdadırsa, 28 aprel 1991-ci ildə Rusiya özü Azərbaycanda bir erməni yaraqlısı qoymadı. Növbə Qarabağın idi. Rusiya rəhbərliyi Qarabağı da bütün yaraqlılardan azad edə bilərdi, əgər biz Rusiyanın marağından çıxış etsəydik, Qarabağı azad edə bilərdik. Maraqlar isə bunlar idi: Rusiya öz təhlükəsizliyini və maraq dairəsini müəyyən etdiyindən, biz onunla strateji əməkdaşlığa üstünlük verməli idik.
- Bu gün bir çox politoloqlar o fikirdədirlər ki, prezidentlərin Vyana görüşü Azərbaycanın bundan sonra əl-ayağının bağlanmasına xidmət edir. Bu barədə Siz nə düşünürsüz? Vyana görüşünün Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyə bilərikmi?
- Vyana görüşü ilə bağlı hələ çox mülahizələr yürüdəcəklər. Ancaq orada nə baş verdiyini bu görüşün iştirakçıları deyə bilərlər. Əfsuslar olsun ki, hamı kimi biz də bu haqda az məlumat sahibiyik. Odur ki, bu haqda bir fikir yürüdə bilərik, Qarabağda gedən müharibə dayandı.
- Cəmiyyətin birmənalı mövqeyi ondan ibarətdir ki, münaqişənin yeganə həll yolu hərbi əməliyyatlardır. Bununla bağlı sorğu da keçirilmişdi və əhalinin 85 faizi savaş tərəfdarı olduğunu vurğulamışdı. Bu məsələdə Sizin qənaətiniz nədir?
- BMT-nın 4 qərarı mövcuddur. Ermənilər tutduqları torpaqları azad etməlidirlər. Başqa cür siyasət qurmaq torpaqlarımızı azad etməyin qabağını alır. Ancaq bu qərarların həyata keçirilməsi tələbi ilə çıxış etməliyik. SSRİ-nin sələfi Rusiya olduğundan biz bu qərarın həyata keçirilməsini onun üzərinə qoya bilərik. Belə olduqda Rusiya iki xalqı barışdıra bilər. Ötən əsrin 20-ci illərindəki kimi. Belə olduqda biz heç nə itirmirik.
- Görünən odur ki, Rusiya həmsədrlərdən ayrı, təkbaşına bu münaqişəni həll etmək istəyir. Yalnız bir şərtlə ki, öz sülhməramlılarını Azərbaycana yerləşdirsin. Belə bir mövqe də var ki, Qarabağı azad etməyin hesabına Azərbaycanın 80 faizini də itirə bilərik. Rus sülhməramlılarının Azərbaycana hansısa formada yerləşdirilməsi müstəqilliyimizdən imtina etmək anlamına gəlmirmi?
- Bu haqda heç bir məlumatım yoxdur. Sülhməramlılarının Qarabağa girməsi məsələsinə BMT razılıq verir. Belə olduğu halda Qarabağa girmiş sülhməramlı qüvvələr ilk növbədə BMT-nin 4 qərarını yerinə yetirməlidirlər. Əgər belədirsə, bunun bizə zərəri yoxdur.
- Moskvada olduğunuz dövrdə bir kitab yazmışdınız, hansı ki, həmin kitab Azərbaycanda birmənalı qarşılanmamışdı. İndi necə, memuar yazırsınızmı?
- Moskvada olarkən bir yox, iki kitab yazmışdım. Bu kitablarda respublikamızda baş verən hadisələri obyektiv təsvir etmişəm. Aydındır ki, hərə öz səviyyəsində bunu qəbul edib.
- Ayaz Mütəllibov ümumiyyətlə indi hansı işlə məşğuldur, bəziləri hətta vaxtaşırı bir suala cavab axtarır ki, görəsən, yenidən aktiv siyasətə qayıtmaq fikriniz varmı?
- “Biz siyasətə qatılmırıq, siyasət özü bizi siyasətə qatır”. Bu fikirlər məşhur Alman siyasətçisi Bismarkın sözləridir. Ölkədə və dünyada gedən prosesləri izləyirəm, jurnalistlərin suallarına cavab verirəm.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər