Rusiyanın Novosibirsk şəhərində bir ərəbi qaçırmağı planlaşdıran şəxs, sən demə 51 yaşlı Gəncə sakini Şakir Əliyev imiş.
Qazeta.info bildirir ki, bu barədə Sputnik-ə Novosibirsk şəhərində fəaliyyət göstərən yerli Azərbaycan Milli Mədəni Muxtariyyətinin prezidenti Rasim Babayev məlumat verib.
Ötən gün Novosibirsk vilayətinin İstintaq Komitəsi, əvvəllər məhkum edilmiş, cinayətdə şübhəli bilinən, 51 yaşlı Azərbaycan vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 3.30 və 2.126 maddələri (bir qrup şəxsin tamah məqsədilə adam oğurlanmağa cəhd etməsi) ilə cinayət işi açıldığı barədə məlumat yayıb. İstintaq orqanlarının versiyasına görə, şübhəli şəxs maddi çətinliklər, çoxlu borcu olması səbəbindən, oyuncaq avtomatın köməyi ilə, yaxşı imkanının olduğunu bildiyi, özünün keçmiş işəgötürəni, 34 yaşlı Novosibirsk sakini, ərəb biznesmeni oğurlamaq qərarına gəlib.
Şübhəli şəxs planını həyata keçirmək üçün öz tanışlarından birinə zəng edib ki, ona cinayəti həyata keçirmək üçün ortaqlar tapsın. Lakin tanışı yoldaşının cinayət törətmək xahişi ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verib. Daha sonra "operativ eksperiment" çərçivəsində rola girən polis əməkdaşları adam oğurluğunu səhnələşdiriblər. Qurbanı əvvəlcədən kirayələdikləri Novosibirskin Lenin rayonunda yerləşən mənzilə gətiriblər və şübhəli şəxsə zəng edərək "sifariş"i icra etmək üçün onu hadisə yerinə çağırıblar. Bundan sonra oğurluğu planlaşdıran şübhəli şəxs hadisə yerinə gəlib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycan diasporunun digər nümayəndəsinin verdiyi məlumata görə, Şakir Əliyev saxlanılan vaxt, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərində Novosibirskin imkanlı şəxslərinin siyahısı olan kağızı aşkarlayıblar. Bununla əlaqədar olaraq istintaq müəyyən edib ki, Əliyev və onun ortaqları bu siyahıdakı şəxsləri oğurluğun qurbanı kimi seçiblər. Potensial qurbanlar arasında Novosibirskdə meyvə-tərəvəz bazarının sahibi olan ərəb əsilli Türkiyə vətəndaşının da adı varmış.