İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin təxribat törətdiyi Füzuli rayonunun Alxanlı kəndində vəziyyət sabitdir.
Bu barədə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məlumat verib. Onun sözlərinə görə, hazırda kənddə əhali gündəlik həyat tərzini davam etdirir: "Ermənilərin təxribat törətməsi birinci dəfə deyil. Onlar mütəmadi olaraq Azərbaycan ərazilərini atəşə tuturlar. Amma Füzuli camaatını bu cür təxribatlar qorxutmur. Hazırda Alxanlı kəndində və rayonda hər şey qaydasındadır, əhali gündəlik işi ilə məşğuldur”.
İcra başçısı bildirib ki, ötən gün baş verən insident erməni vandalizminin növbəti nümunəsidir.
A.Alıyev əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri prosesləri tam nəzarətdə saxlayır.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb./Trend/