Cəbhədə baş verən son hadisələrlə bağlı futbolçularımız əsgərlərə dəstək nümayiş etdiriblər. Məlumata görə Premyer Liqanın XVIII turu çərçivəsində "Xəzər Lənkəran" - "Qarabağ" matçından öncə cəbhədəki son döyüşlərdə həlakşəhid olan 12 hərbiçimizin xatirəsi yad olunub. Komandalar şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Bundan başqa "Xəzər Lənkəran” oyunçular meydançaya hərbi geyimdə çıxaraq ordumuza dəstəklərini ifadə ediblər.
Digər oyun -"Qəbələ"-"İnter" matçında da azarkeşlərimizin açdığı pankartlarda vətənpərvərlik və ordumuza dəstək sərgilənib.
"Xəzər Lənkəran” oyunçuları hərbi geyimdə
Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub./anspress/