Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədaq müshibə verib. Qazeta.info qeyd edilən müsahibəni oxuculara təqdim edir
- Fuad müəllim, bildiyiniz kimi, aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Bu sindrom nə ilə xarakterizə olunur?
- Autizm spektrli pozuntular (ASP) sosial qarşılıqlı münasibətlər və sosial ünsiyyət təşəbbüsü və dəstəklənməsində daimi çatışmazlıq yaşanması, həmçinin bir sıra məhdud, təkrarlanan və dəyişməyən maraq və davranış modeli ilə xarakterizə olunur. Pozuntu inkişaf dövründə, adətən erkən uşaqlıq vaxtı başlayır. Sosial tələbatlar məhdudlaşmış imkanlara üstün gələnə qədər isə simptomlar tam şəkildə təzahür etməyə bilər. Bu çatışmazlıq şəxsi, sosial, təhsil, peşə və ya digər fəaliyyət sahələrində çətinlik yaradır. Beləliklə, autizm spektrli pozuntusu olan şəxslər sosial təmasdan yayınır, digər insanları başa düşməkdə və öz emosiyalarını ifadə etməkdə çətinlik çəkirlər.
- Azərbaycanda autizm sindromu olan uşaqların sayı barədə məlumat verərdiniz...
- 2020-ci ilin hesabatına görə, qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir. Bundan əlavə, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk dəfə müraciət edən autizimli uşaqların sayı 367, ilin sonunda isə atipik autizimli uşaqların sayı 10 nəfər olub.
- Hamiləlik zamanı doğulacaq körpənin autizm sindromlu olmasını öyrənmək mümkündürmü?
- Hesab edilir ki, autizm beynin müxtəlif nahiyələrində sinir hüceyrələri arasında sinaptik əlaqələrin pozulmasına səbəb olan fərqli gen mutasiyaları ilə əlaqədardır.
Autizmi ana bətnində öyrənmək mümkün deyil. Dünyanın hansısa ölkəsində bunu dəqiq təyin edən üsul və test mövcud deyil. İlkin mərhələdə uşağın kontaktına diqqət eləmək lazımdır. Əgər uşaq suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn narahat olmalıdır. 2-5 yaş arasında valideynlər övladlarına diqqət yetirməlidilər, çünki körpələrin ünsiyyət qurması adətən 2 yaşdan başlayır. Autizmin aşkarlanması gecikdikcə müsbət nəticə almaq çətinləşir.
- Autizm spektrli pozuntuların diaqnostikası necə müəyyən olunur?
- Autizm spektrli pozuntuların diaqnostikası üçün müxtəlif psixoloji testlərdən istifadə edilir. Məsələn, autizmin qısa zamanda aşkar edilməsi (skrininq) üçün M-CHAT şkalası (Autizm erkən uşaqlıq dövründə aşkarlanması), autizm simptomlarının daha ətraflı araşdırılması üçün isə ASP Qiymətləndirilməsi Şkalası tətbiq edilir. Bütün bu şkalalar yalnız mütəxəssislər tərəfindən istifadə edilə bilər. Valideynlər isə ilk növbədə uşağın ümumi inkişafına nəzarət etməli və ən kiçik problem zamanı belə dərhal mütəxəssisə (uşaq psixiatrı və ya psixoloq) müraciət etməlidirlər.
- Autizm spektrli pozuntuların medikamentoz müalicəsi mövcuddurmu?
- Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu proqramlar vasitəsilə müəyyən irəlləyiş əldə etmək mümkündür.
Ölkəmizin 14 rayonunda uşaq poliklinikaları bazasında uşaq psixi sağlamlıq bölmələri yaradılıb. Müəssisələrdə uşaq psixiatrı, psixoloq, psixopedaqoq, sosial işçi, loqopedin daxil olduğu multidisiplinar komanda fəaliyyət göstərir. Uşaq və yeniyetmələrdə rast gəlinən psixi sağlamlığın digər problemləri ilə yanaşı, bu mütəxəssislər autizm spektrli pozuntusu olan uşaqlara da yardım göstərir.