Fransada fəaliyyət göstərən Azərbaycan icması Prezident İlham Əliyevin bu ölkəyə səfərini yüksək qiymətləndirib. İcma bununla bağlı bəyanat da verib.
Bu barədə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin məlumat verib.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri ilə bağlı Fransada fəaliyyət göstərən Azərbaycan icması bəyanatla çıxış edib.
Həmin bəyanatın mətnini oxucularımızın diqqətinə təqdim edirik:
Fransada yaşayan Azərbaycan icmasının bəyanatı
Biz, Fransada yaşayan Azərbaycan icması 2017-ci ilin 13-14 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin rəsmi səfərini dəstəkləyirik.
Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr çox yüksək səviyyəyə çatmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri, hökümətlər və parlamentlər arasında sıx əlaqələrin qurulması, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı iki ölkə arasında əməkdaşlıq meydanını genişləndirir ki, bu da qarşılıqlı əlaqələrin getdikcə möhkəmləndiyinin göstəricisidir.
Fransa Azərbaycanın müstəqilliyini 2-ci olaraq tanıyan dövlətdir. Bu il Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 25 illik yubileyi hər iki ölkədə qeyd olunur.
Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz həllini tapmadığını qeyd etmək olduqca vacibdir. Bu münaqişə 1988-1994-cü illərdə qarşıdurmalara gətirib çıxarmış, Azərbaycan ərazilərinin 20%-ni təşkil edən Dağlıq Qarabağ və onun ətrafında yerləşən daha 7 rayonun işğalı və bu rayonlardan Azərbaycanlı əhalinin məcburən çıxarılması ilə nəticələnib. Bu gün əhalisinin 1 milyona yaxını və ya 10% -i qaçqın və məcburi köçkün olan Azərbaycan qaçqın və məcburi köçkünlərin əhali sayına nisbətinə görə dünyada ilk yeri tutur.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində işğal olunmuş ərazilərdə bir nəfər də olsa Azərbaycanlı qalmamışdır. Etnik təmizləmənin kulminasiya nöqtəsi isə bir neçə gün öncə 25 illik anım tarixini qeyd etdiyimiz, 1992-ci ilin 25-26 fevral tarixlərində həyata keçirilmiş Xocalı soyqırımı olmuşdur. Xocalı soyqırımına şəxsən rəhərlik etmiş, Ermənistan Respublikasının bu günkü prezidenti Serj Sarqsyan bu soyqırımını beynəlxalq mətbuata verdiyi müsahibələrdə dəfələrlə etiraf etmişdir.
BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı və BMT Baş Assambleyasının 62/243 (2008) saylı Qətnamələri münaqişənin həlli üçün hüquqi əsasları yaratmışdır. Bu qətnamələr Azərbaycana qarşı güc işlədilməsini və onun ərazilərinin işğal olunmasını qətiyyətlə pisləmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq etmiş, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin yolverilməz olduğunu qeyd etmişdir. Bu Qətnamələr işğalçı qüvvələrin tamamilə və qeyd-şərtsiz Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir. BMT-nin, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin 2005 və 2016-cı illərdə qəbul etdiyi Qətnamələrinə , eləcə də ATƏT-in Minsk Qrupunun və bütövlükdə dünya ictimaiyyətinin səylərinə baxmayaraq bu münaqişə bu gün də həll olunmamış qalmaqdadır. 1994-cü ildə əldə edilmiş atəşkəs haqqında razılaşmadan sonra da Ermənistan qoşunların təmas xəttində yerləşən mülki əhaliyə hücumlarını dayandırmır və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən sülh təkliflərinin heç birini qəbul etmir. Bu gün məcburi köçkün həyatı yaşayan hər bir Azərbaycanlının yeganə arzusu öz doğma torpaqlarına qayıtmaqdır və bu işğal sonsuz davam edə bilməz.
Fransada yaşayan Azərbaycanlılar icması adından Azərbaycanın ərazi bütövlüyün sülh yolu ilə bərpa olunması üçün bu işğalın pislənməsini və bu istiqamətdə əməli tədbirlər görülməsini ATƏT-in Mİnsk Qrupunun həmsədri kimi Fransadan və beynəlxalq birlikdən tələb edirik.
Bütün həqiqətlərin əksinə olaraq özünün başladığı təcavüzdə hər vəchlə özünü münaqişənin qurbanı kimi qələmə verməyə çalışan Ermənistanı Dağlıq Qarabağın işğalını sonsuz davam etdirməyin mümkün olmayacağını anlamağa çağırırıq.
Azəraycan Prezidenti İlham Əliyevin hal-hazırda Fransada olduğunu nəzərə alaraq biz onun Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində apardığı siyasətə dəstəyimizi bildirir və bu siyasətin münaqişənin tezliklə və birdəfəlik həllinə gətirib çıxaracağına ümid edirik./Modern.az/