Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi vəsatətə baxılıb.
Məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, R.Usubovun vəsatəti təmin edilib, Ə.Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbiri daha iki ay uzadılıb.
Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılarkən sərhədçilərə müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib və daha sonra onun həbs müddəti uzadılıb. /Report/