"Torpağa tapşırıldığı bu gün onun barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır. İstedadı, bacarığı, ədəb-ərkanı ilə seçilən həmkarlarımızdan idi."
Qazeta.info bildirir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən gün dünyasını dəyişən, tanınmış jurnalist Zabil Müqabiloğlu haqda öz hisslərini Feysbuk səhifəsində bölüşüb.
O, Zabil Müqabiloğlunu çoxdan tanıdığını bildirib:
"Müalicə üçün İranda olarkən telefonla söhbətləşdik. İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun körkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi.
Artıq Zabil haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur.
Doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!"